Təbiət

Dünyanın ən böyük qurbağası: Qoliaf

Vətəni Kamerun və Ekvatorial Qvineya (Afrika) sayılan dünyanın ən böyük qurbağası - Qoliafdır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir. Böyük nümunələri 3-4 kiloqramdan çox çəkiyə sahibdir (yəni pişik boyda). Dünyanın ən böyük qurbağasının gözü insan gözündən bir qədər kiçikdir. Xarici olaraq Qoliaf - adi qurbağadır, yalnız böyük bir ölçüyə sahibdir. 


Qoliaf qurbağası təmiz oksigenli suyu, dibində təmiz qumu olan, sürətlə axan şəlalələrin ətrafında məskən salır. Qoliaflar əsasən gecə həyatı yaşayırlar. Çay boyunca yaxınlıqdakı daşların üzərində oturaraq şikarlarını gözləyir. Onların qida rasionu əsasən böcəklər, gəmirici, çəyirtkələr və digər həşəratlardan ibarətdir. Qoliaf həmçinin xərçəngkimilərlə, müxtəlif amfibiya, balıqlar, hətta kiçik ilanlarla belə qidalanır. O, çənəsinin gücü ilə qurbanı sıxır və dilini açaraq  tamamilə şikarını udur.


Goliaf qurbağasının dişisi adi növ qurbağalardan fərqli olaraq erkəkdən daha kiçik olur. Başqa fərqləndirən cəhət isə qurbağalara xas olan səsləri çıxarmağa səbəb olan boğaz torbasının olmamasıdır. Lakin qurbağanın görmə və iybilməsi yaxşı inkişaf etmişdir.


Təsdiq olunmayan məlumatlara görə, Kamerunda tutulan ən böyük nümunə təxminən 6 kiloqram ağırlığında idi. 1989-cu ilin aprelində isə ağırlığı 3.66 kq,  91 santimetr böyüklüyündə olan dünyanın ən böyük qoliaf  qurbağası qeydə alınmışdır.


Qoliaf qurbağası təxminən 250 milyon il mövcud idi və bu gün bu növün yeganə təmsilçisidir. Dinozavrlardan öncə Yer üzündə yaşayan az sayda canlı amfibiyadan biridir. Bunu onun böyük ölçüsü izah edir.


Qoliaf qurbağası yoxolma təhlükəsi altındadır. Bundan əlavə, Qərbi Afrikanın bəzi yerlərində qurbağa qida mənbəyi sayılır və buna görə şiddətlə məhv edilir.