Şeirlər

Bəxtiyar Vahabzadə. “Qanlı 20 Yanvar şəhidləri haqqında”

On doqquz yanvarda doğum evləri
Ölümdən, qırğından xəbərsiz idi.
O gün Bakımızda axşamdan bəri,
Ölüm ilə həyat üzbəüz idi.
 
 
Güllə səslərini çağa səsləri,
Batırdı o gecə, şükür allaha!
Doldu şəhidlərin boşalan yeri,
Naşükür olmayaq, vallah, bir daha!
 

Gedən oğulların, axan qanların,
Əvəzi su səpdi yanan qəlbimə,
O şənbə gecəsi doğulanların,
Onundan doqquzu oğlanmış demə.
 
 
Zalimin zəfəri başdan qələtdir,
Zamanın səsini biz də dinlərik.
Dünya gücümüzə yaxşı bələddir,
Hələ biçilməmiş əkilənlərik!