Təbiət

Dünyanın ən məşhur şəhəri – Paris

Paris dünyanın ən məşhur şəhərləri sırasında ilk yerlərdən birini tutur. Paris buna layiqdir. Fransanın digər şəhərlərindən tamamilə fərqlənən Parisi çox vaxt “müstəqil krallıq” da adlandırırlar. Paris öz gözəlliyi, ahəngdarlığı və memarlığı ilə dünyanın ən möhtəşəm şəhərlərindən biridir.

 

Parisin tarixi olduqca qədimdir. Alimlər təxminən 40.000 il bundan öncə insanların bu ərazidə məskunlaşdığını deyirlər. Parisin əsas küçələrindən biri, adətən, böyük paradların keçirildiyi Yeliseydir. Uzunluğu təxminən 2 kilometr olan küçə Konkord meydanından başlayır və Triumf taclarına qədər uzanır.

 

Paris öz muzeyləri ilə də məşhurdur. Luvr muzeyi dünyanın ən qədim və zəngin muzeylərindən biri hesab olunur. Hələ qədim zamanlardan Luvr Fransa hökmdarlarının və akademiyalarının iqamətgahı olmuşdur. Fransa paytaxtının coğrafi və mənəvi “ürəyi” olan Paris NotrDam kilsəsi bir çox tarixi hadisələrə şahidlik etmişdir.

 

Memarlıq abidələrinin hədsiz zənginliyinə baxmayaraq, məhz Eyfel qülləsi Parisin və Fransanın rəmzi sayılır. “Eyfel” adı qülləyə onu inşa edən memarın - Qustav Eyfelin adından miras qalmışdır. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir.

 

Dünyanın ən məşhur şəhərlərindən olan  Paris zəngin tarixi və görməli yerləri olan şəhərdir. Hər kəs heç olmasa, həyatında bir dəfə bu gözəlliyi öz gözləri ilə görməyi arzulayır. Yəqin siz də bu arzudasınız!