Təbiət

Buludlar

Atmosferdə su buxarının kondensasiyası və sublimasiyası məhsullarının toplanmasına bulud deyilir.


Buludun yaranması üçün ən əsas şərtlərdən biri atmosferdə asılı vəziyyətdə olan bərk (bitki sporları, dənizdən daxil olan duzlar) maddələrdir. Onlar buludun yaranması üçün nüvə rolunu oynayırlar.

 

Tərkibinə görə buludlar sulu,buzlu və qarışıq olur. Təsnifatına görə isə 3 qrupa, 10 formaya, yüzlərlə növə bölünür.


1. Laylı buludlar — 2 km hündürlükdə yaranan buludlardır. Bu buludlar göy üzünü tam örtə bilərlər. Əsasən qışda üstünlük təşkil edir.
2. Topa buludlar — qızmar rütubətli havanın sürətlə yuxarı qalxması nəticəsində 8-10 km hündürlükdə yaranır.
3. Lələkvari buludlar — daha hündürdə (10-12 km) əmələ gəlir. 0°C temperaturdan aşağı bir şəraitdə yarandığından buz kristallarından ibarət olur. Əsasən qışda formalaşır. 


Buludlu günlər ən çox qütb qurşağında və ekvatorda, ən az isə quraqlıq rayonlarında və səhralarda olur.

 

Buludluluq faizlə və ya 10 ballıq sistem üzrə ölçülür. 1 bal səmanın görünən sahəsinin l/10-nə və ya 10%-nə bərabərdir. Əgər göy üzü tam buludla örtülərsə, buludluluq 10 bal səmada bulud yoxdursa, 0 bala bərabərdir.

 

Buludluluğun əhəmiyyəti; — qışda yeri soyumaqdan, yayda qızdırmaqdan qoruyur. Düz radiasiyanın qiymətini azaldır. Fiziki aşınmanı zəiflədir.


Buludluluq havanın qalxan hərəkətində, alçaq təzyiq sahəsində, sahil boyunda daha çox olur. Sahildən materikin içərisinə doğru buludluluq azalır. Yüksək təzyiqdə, havanın enən hərəkətli rayonlarında, materikin daxili hissəsində buludsuzluq hökm sürür. Nəticədə aydın hava, yüksək sutkalıq temperatur amplitudu, fiziki aşınma hökm sürür.