Şeirlər

Nəriman Həsənzadə. Nərdivan

Bu dünya nərdivandı,-
Qalxanda mehribandı,
Enəndə nə yamandı...
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına
Qaldırırdı nərdivan,
Məni xatirələrə
Endirirdi
Bu zaman.
Birimiz-günçıxana,
Birimiz günbatana...
Qalxa bilməzdim daha,
Nə o güc,nə o taqət.
O da enə bilməzdi,-
Haqlı,haqsız
Vermişdi,öz hökmünü təbiət,
Gərək ya düşməyəydi

Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya...