Qarabağ

Ağoğlan qalası

Laçın rayonunun Kosalar kəndi (sonralar bu kənd Ağoğlankənd adlandırılırdı) Qarıqışlaq-Laçın şose yolunun ikinci kilometrliyində Minkənd çayının sağ sahilində dəniz səviyyəsindən 1250-1300 metr yüksəklikdə yerləşir. Bu kəndin ərazisində hələ tədqiq olunmamış çox zəngin tarix və mədəniyyət abidələri vardır.


Kosalar kəndinin ən möhtəşəm abidəsi, IV-IX əsrə aid olan, Qafqaz Albaniyası dövrünə məxsusluğu güman edilən «Ağoğlan» qəsr kompleksidir. Bu qəsr kompleksi dağın ətəyində yerləşir. Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra ermənilər qəsri «Tzitzernavank», kəndin adını isə dövri mətbuatda gah Zeyvə, gah da Hüsülü adlandırırlar. Zeyvə və Hüsülü kəndləri Kosalar kəndinin bir neçə kilometrliyindədir. Dağın zirvəsində antik «müşahidə qalası» var idi. Qaladan «Ağoğlan» qəsrinə yeraltı keçidlərin olması barədə ilk dəfə 1985-ci ildə məlumat əldə edilib.


Bu fikir 2009-cu ildə Lider televiziyasının təşəbbüsü ilə çəkilmiş «Qalalar» filmində də səsləndirildi. Lakin həmin keçidlərin izlərini qəsrin içərisində tapmaq mümkün olmayıb. Axtarışlar erməni işğalı ilə bağlı yarımçıq qalıb.

 
İşğaldan 7 il sonra - 2009-cu ildə erməni arxeoloqları kompleksin içərisindən bu keçidə enmək üçün üç quyu aşkar ediblər.


Qəsrin IV əsrdə inşa edilməşi barədə xeyli sübutlara baxmayaraq, bir sıra mütəxəssislər bu abidə kompleksinin xristianlığa qədərki dövrə aid olması barədə də fikir söyləyir, kompleksin xristianlığa qədərki abidələr siyahısına daxil edilməsini vacib sayırlar. 


Abidə müxtəlif dövrlərdə uçmuş, dağıntılara məruz qalmış, IX əsrdə yenidən inşa edilərək forma etibarı ilə kilsə stilinə uyğunlaşdırılmışdır. Abidə təmir edilərkən bünövrəsi, yan divarların 1,5-2 metr hündürlükdə sağlam hissəsi olduğu kimi saxlanılmış, yeni divarlar onların üzərində ucaldılmışdır. Bərpa zamanı qəsr Azərbaycan memarlığının monastr tipinə uyğunlaşdırılmışdır. Monastrın uzunluğu 25,6 metr, eni 12,5 metr, kompleksin ümumi daxili ərazisi isə iki hektardır. Bərpadan sonra «Ağoğlan qəsri» Alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrildi.