Şeirlər

Teymur Elçin. Gözəl Vətən

Oxuyuruq, nəğməmiz 
Uzaqlara yayılsın, 
Səsimizdən hər tərəf 
Tez yuxudan ayılsın. 
Gözəl vətən, can vətən, 
Bizə mehriban vətən. 

 


Qarlıdır, vüqarlıdır 
Papağı şiş dağların, 
Barlıdır, bəhərlidir
Tarlaların, bağların. 
Gözəl vətən, can vətən, 
Qoynu gülüstan vətən. 

 


Sən xoşbəxt böyüdürsən 
Bizi hər gün, hər saat. 
Daim ucalaq deyə 
Bizə verirsən qanad. 
Gözəl vətən, can vətən, 
Hər gün ucalan vətən.