Odlar Yurdu

Mərdəkan qalası

Mərdəkan qalası Abşeronun ən qədim qalalarından biridir. Qala dörd künc formadadır. Abşeronun ən hündür donjonudur (digər qalalardan fərqli olaraq, donjonlar əsas qala ilə əlaqəsi olmayan divarlarla əhatə olunur; belə demək mümkünsə, qala içində qala).


Qalanın hündürlüyü 22 metr, əhatə divarlarının hündürlüyü 7 metrdir. Qalınlığı aşağı hissədən 2,1 metr, yuxarıdan isə 1,6 metrdir. İstehkam içəridən 5 yarusa bölünür.

 

XIV əsrin ortalarında Şirvanşah Mənuçöhrün oğlu Şirvanşah Axsitan tərəfindən tikilmişdir. Mərdəkan qalası Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qaladan feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilmişdir.

 

Qalanın həyətinə daxil olarkən ilk növbədə yerdəki quyular diqqəti cəlb edir. Dərinliyi təqribən 2 metr olan bu quyular əsasən düşmən hücumu zamanı qalaya sığınarkən müxtəlif növ ərzaq məhsullarının saxlanılması üçün nəzərdə tutulub. Ümumilikdə donjonun ətrafında və həyətində vaxtilə 90-dan çox quyunun (o cümlədən su quyuları) olduğu bildirilir. Bundan başqa, həyətdə qədim daş kitabələr, daşdan yonulmuş və saxsı əşyalar, qablar da var.


 
İstehkamın bütün mərtəbələrinə ənənəvi birtərəfli, spiralvari pillələrlə qalxmaq mümkündür – dar pəncərələrdən zəif işıq düşən, alaqaranlıq otaq-mərtəbələr. Qalanın üstündən böyük bir ərazini – bir neçə km sahil zonasını, qonşu qəsəbələri, eləcə də şəhərin bir hissəsini müşahidə etmək olar.

 

Bu etibarlı müdafiə tikilisinin yeraltı yolu və ya yolları da var. Qalanın içində, birinci mərtəbədə yeraltı yola aparan quyunu görmək mümkün olsa da, təəssüf ki, dərinliyə enməyə şərait yoxdur. Buna cəhd etmək üçün gərək özünlə fənər, nərdivan, ya da kəndir gətirəsən. Yeraltı yol (və ya yollardan biri) kiçik Mərdəkan qalasına aparır.

 

Xatırladaq ki, donjonun yaxınlığında XV əsrə aid Tuba Şahi məscidi (1481-1482-ci illər), XIII-XIV əsrlərə aid sənduqə də var.