Odlar Yurdu

Qəzvin

Qəzvin Azərbaycanın qədim şəhərlərindən biridir. Əlburz dağlarının cənub ətəyində, Tehranın 150 km. şimal qərbində və dənizdən 1290 m. hündürlükdə kanallarla suvarılan bağlar, bağçalar əhatəsində yerləşən kənd təsərrüfatı məhsullarının satış yeri və sənaye mərkəzidir. Qədim yunan  müəlliflərinin Midiya hökmdarları haqqında məlumatlarında adları sadalanan şəhərlərdən biri kimi Qəzvinin nəzərdə tutulduğu ehtimal edilir. Əgər bu həqiqətdirsə onda Qəzvin şəhərinin 2500 ildən də çox yaşı vardır. Bir çox tarixi qaynaqlarda Qəzvinin adı “Qasvin”, “Kaspin” kimi də göstərilir. Eyni halda tarixçilər Xəzər dənizi civarında yaşayan “Kaspi” xalqının buraya köçü və məskunlaşmasına görə, buranın onların adı ilə “Kaspin”, “Qasvin” adlandırılması fikrini irəli sürürlər. Həmçinin bir sıra tarixi qaynaqlarda şəhərin Alpərtunqanın qızı Qaz tərəfindən inşa edildiyi və şəhərin adının ondan götürüldüyü göstərilir. Burada arxeoloji qazıntılar zamanı aşkar edilən tarixi tapıntılar, yaşayış məskənləri, məbədlər, bəzək əşyaları, fiqurlar, taxıl anbarları və s. həmçinin mövcud kurqanlar, xüsusilə də Saqqızabad, Qaratəpə, Zağatəpəsi kimi kurqanlar 9 min il öncədən Qəzvin yerləşən ərazidə insanların sıx yaşamasını güman etməyə imkan verir.


Qəzvin Azərbaycanın yeganə şəhəridir ki Mahmud Kaşğarlının Divanü Lüğәtit Türk əsərində adı çəkilib.


Qəzvin şəhəri Sasanilər (3-7 əsrlər) dövründə mühüm əhəmiyyət kəsb etməyə başladı. Buna görə mənbələr Qəzvinin Ərdəşir (224-241) dövründə salındığını xüsusi olaraq qeyd edirlər. Hətta bu şəhərin deyləmilərin axınlarına qarşı Sasani imperiyasının şimal sərhədlərini qorumaq məqsədi ilə tikildiyini iddia edirlər.


Şəhər 644-cü ildə ərəblər tərəfindən dinc yolla işğal edilmiş, əhalisi də islamı qəbul etmişdir. Ərəb xilafəti dövründə buradan Xorasan və Orta Asiyanın digər ərazilərinə fəthlər üçün böyük hərbi qərargah kimi istifadə edilmişdir (bu vəzifəni yerinə yetirmək üçün Nişapurdan istifadə edilənə qədər). Qəzvinin şəhər kimi inkişafında ərəb ağalığı dövründə təyin edilən şəhər hakimi Səid ibn Asın rolu xüsusi olaraq qeyd olunur. 645-ci ildə ərəb ordusunun bölgəni işğalından sonra geriləyən, tənəzzül edən Qəzvin şəhəri yenidən canlanır. Burada baş verən dəyişikliklər, şəhərin abadlaşdırılması və inkişafına görə, ərəb qaynaqlarında Qəzvini “Babül-Cənnə” («Cənnət qapısı») kimi də adlandırırlar. Həmin dövrdə Qəzvin ərəb xilafətinin hərbi bazalarından biri kimi də xilafət üçün ciddi əhəmiyyətə malik olub. IX əsrdə Qəzvin şəhərinin ətrafında tikilmiş yeni qala ərəbcə “Mübarək Mədinə”(«Uğurlu şəhər») adı alıb.


Harrun ər-Rəşidin xəlifələyi dövründə başlayan şəhər divarlarının tikintisi 868-ci ildə Xəlifə Mötəz-Billahın dövründə başa çatdırıldı. Harun ər-Rəşid dövründə şəhərdə məscid də tikildi və şəhərin bəzi əraziləri məscidə vəqf edildi. Qəzvin Abbasilər dövründə əsasən Xəzər sahilində qərar tutan Cəfərilərin xilafət əleyhinə başlıca mübarizə mərkəzinə çevrildi. Kəvkəbilərlə Cəfərilərin burada qaldırdıqları üsyanlar Xəlifənin üsyanı yatırmaq üçün təyin etdiyi Musa ibn Buğa tərəfindən dəf edildi. Xəlifə Mötəsim-Billah tərəfindən təyin edilən şəhər hakimi Əbu Mənsur əl-Kufi 40 il Qəzvini idarə etdi. Şəhər 905/906-cı ildə Samanilərin hakimiyyəti altına düşdü. Növbəti il Həmdullah Qəzvininin də mənsub olduğu Mustovfilər ailəsi şəhərin idarəçiliyinə yiyələndi və 27 il buranın hakimi oldu. 916/917-ci ildə Yusif ibn Əbu Sacın hücumunu dəf edən Əsfar ibn Şirəveyh özünü Qəzvinin hakimi elan etdi. Şəhər 930-cu ildə Büveyhilərin, 1029-cu ildə isə Qəznəvilərin idarəçiliyinə keçdi. Dəndənəkan döyüşündə Qəznəviləri məğlub edən Səlcuqlar Qəzvində də nəzarətə yiyələndilər. Qəzvin Səlcuq hökmranlığı dövründə mühüm hərbi-inzibati mərkəzlərdən biri idi və İraq sultanlığının şimal-şərq istiqamətində möhkəm şəhər qalalarından sayılırdı. Şəhərdə bu dövrdə müxtəlif memarlıq əsərləri tikilsə də bu abidəərin çox az bir qismi dövrmüzə qədər gəlib çatmışdır. Bu abidələr içərisində Cümə məscidi və Heydəriyyə mədrəsəsini xüsusilə qeyd edə bilərik.


Qəzvin Zəkəriyyə Qəzvini, Həmdullah Qəzvini, Zeynəddin Qəzvini, Budaq Münşi Qəzvini kimi tarixçilərin, şair Mir Yəhya Qəzvininin vətənidir. Zəkəriyyə əl-Qəzvini şəhərin ətraf kəndlərinin türk kəndləri olduğunu qeyd edir.


XIII əsrin əvvəllərində şəhər Xarəzmşahlarla monqollar arasında hərbi əməliyyatlar meydanına çevrildi. 1220-ci ildə şəhər əhalisinin şiddətli müqaviməti səbəbindən monqollar tərəfindən alınan kimi tamamilə dağıdılmışdı. Şəhər monqollar tərəfindən köçürülən türk-monqol tayfaları ilə yenidən məskunlaşdırıldı. 1253-cü ildə Münkə xaqan İftixarəddin Məhəmmədi şəhərin hakimi təyin etdi. Şəhərin yarım əsr bu nəslin nümayəndələri idarə etdi. Monqol işğalı vaxtı dağıdılan şəhər sonralar bərpa edilmiş Qəzvin yenidən möhtəşəm şəhərə çevrilmiş, bölgənin siyasi-iqtisadi hadisələrində aparıcı qüvvəyə çevrilmişdi.


Teymurilərin zərbələrindən sonra yeni bərpa dövründən çıxmış qəzvin Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində orta səviyyəli şəhər kimi mövcudluğunu saxlamış, Azərbaycan Səfəvilər dövlətinin hakimiyyəti dövründə isə (1555-1598-ci illərdə) paytaxta çevrilmişdir. Bu dövrdə İsfahan və Təbriz şəhərləri kimi, Qəzvin şəhəri də «dar əs-səltənə» adlandırılmışdı. Səfəvilər dövründə Qəzvin şəhərində böyük tikinti və yenidənqurma işləri həyata keçirilmişdir. Bu quruculuq işləri nəticəsində XVII əsrdə şəhərdə olan avropalı səyyahlar Qəzvini İsfahandan sonra imperiyanın ikinci böyük şəhəri kimi təsvir edirdilər.


XVIII əsrdən etibarən Qəzvin öz əhəmiyyətini itirməyə başladı. Onun hələ Zəkəriyyə əl-Qəzvini tərəfindən vəsf olunmuş ikiqat qala divarları dağıdılmışdı. 1722-ci ildə şəhər əfqanlar tərəfindən zəbt olunmuş və yalnız 1723-cü ildə  onlar şəhər əhalisinin üsyanı nəticəsində Qəzvindən qovulmuşdur. 1726-cı ildə şəhər Osmanlılar tərəfindən işğal edilmiş və yanlız Nadir xan tərəfindən yenidən azad edilmişdir. Nadir şah Əfşarın ölümü ilə Qəzvində də 1747-ci ildə xanlıq yaranmışdır. XVIII əsrin sonlarına doğru şəhər Qacarların nəzarəti altına düşdü. 


XVIII əsrin sonlarında Ağa Məhəmməd şah Qacar tərəfindən Tehran paytaxta çevrildikdən sonra tranzit ticarət yolları üzərində yerləşən Qəzvin şəhərinin mövqeyi daha da artdı. Qacarlar dövründə Tehrana yaxın olduğundan Qəzvin şəhəri dövlətin mühüm mərkəzlərindən birinə çevrildi.


XIX əsrin ortalarında Qəzvin şəhəri Babilər hərəkatının mühüm mərkəzlərindən biri olmuşdur. XX əsr İran inqilabları dövründə Qəzvin şəhəri şah üsuli-idarəsinə qarşı müqavimət mərkəzlərindən birinə çevrilmişdir. 1945-46-cı illərin milli-demokratik hərəkatı zamanı burada Azərbaycan Milli Hökumətinin yaratmış olduğu təsisatlar irticaçı İran hökumət dairələri tərəfindən dağıdılmış, yerli əhaliyə qarşı həyata keçirilən geniş terror nəticəsində xeyli adam məhv edilmişdir. Bir qədər sonra Qəzvin (1952-1976) dəfələrlə müxtəlif adlarla inzibati bölgü əməliyyatlarına məruz qalmış, nəhayət 1996-cı ildə Tehran ostanından ayrılaraq müstəqil ostana çevrilmişdir. 2006-cı il siyahıya alınmasına görə əyalətdə 349.821 nəfər əhali yaşamışdır. Hazırda əhalinin yalnız 37%-i Azərbaycan türkü kökənlidir.