Odlar Yurdu

Sınıqqala məscidi

Sınıqqala Bakının salamat qalan ən əski məscidi, minarəsi isə Quzey Azərbaycan minarələrinin ən qocamanıdır. İki - yeraltı və yerüstü mərtəbələrdən ibarət olan məscid binası X - XI əsrlərdə inşa edilmişdir.


1723-cü ildə I Pyotrun Xəzərsahili boyu işğalı zamanı Bakı atəşə tutulduqda məscidin minarəsi zədələndiyindən el arasında ona «Sınıq qala» adı verilib. Abidənin ilkin adı bəlli deyil. Məscidin şimal tərəfindəki kufi yazıda deyilir: 


” Bismillah ər-rəhman, ər-rəhim! Bu məscidin binasını [tikməyi] əmr etdi Ustad ər-rəis Məhəmməd ibn Əbu Bəkr Dörd yüz yetmiş birinci il.” 


Mütəxəssislərin fikrincə, onun sifarişçisi ustad rəis Məhəmməd Əbubəkir oğlu olduğundan, məscidi Məhəmməd məscidi adlandırmışlar. 


Sınıq qala Bakının salamat qalmış ən əski məscidi olub, İçərişəhər ərazisində yerləşir. Relyefdən bacarıqla istifadə edildiyindən memar gözəl kompozisiyaya malik ikimərtəbəli, təkminarəli məscid binası yaratmışdır.


Dördbucaq plana malik məscidin altı qatı tağbənd örtüklü olub, güneyə baxan bir qapısı və iki kiçik pəncərəsi vardı. Sahəsi 40 kv.m olan üst qatında ibadət salonu yerləşir. Şirvan memarlıq məktəbinə xas olan - binanın içərisi ilə bayır tutumu arasında uyğunluğun olması prinsipi Məhəmməd məscidinə də aid idi. Memarlıq kütlələrinin məntiqli və sərbəst düzülüşü, hörgü işinin yarı yonulmuş daşlardan aparılması, məsciddə zəngin işıq-kölgə effekti binanın dinamik məkan quruluşuna xüsusi ifadə verir. Məscidin minarəsi silindr şəklində olub, yuxarıya getdikcə daralır. Mütəxəssislərin fikrincə, tutduğu mövqeyə görə bu minarədən müşahidə məntəqəsi kimi istifadə edilmişdilər. Minarənin yuxarı hissəsini əhatə edən iri stalaktitlər burada təkcə bəzək elementi rolunu oynamır, eyni zamanda konstruktiv xarakter daşıyaraq daş eyvanı saxlayır. Eyvanaltı daşların üzərində gözəl həndəsi ornamentlər yonulmuşdur. 


XX əsrin əvvəllərinə kimi Sınıqqala bir mərtəbəli məscid olmuşdur və onun tutumu uca minarəsinə nisbətdə kiçik görünmüşdür. İki yandan ona yapışdırılmış binalardan azad olduqdan sonra, abidənin alt dağı üzə çıxdı. Minarə ilə məscid binasının ilkin uyarlığı bərpa edildi.