Xəbərlər

14 Fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub. 1992-ci ildən Azərbaycanda Hərbi Hava Qüvvələri ilə (HHQ ilə) bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib. Atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təşkil edib. Səbəb aydındır – işğal altında olan Azərbaycan əraziləri yüksək relyefə malikdir və bu əraziləri işğaldan qurtarmaq işində qırıcıların, hərbi təyyarələrin və hava hədəflərini vuracaq texnikaların əvəzi yoxdur. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.

 

Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib. Xatırladaq ki, Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində H. Z. Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib, aerodromun texniki təminatı, paraşütdesant xidməti və əyləc paraşütlərinin yığılması binalarının inşasına başlanılıb.

 

Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kurslarında və təlimlərdə iştirak edirlər. 1992-ci ilin sentyabrında verilən fərmana əsasən 14 fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur.