Bu maraqlıdır!

"Tapın görək" oyunu

Zehni və fiziki qabiliyyəti bir yerdə inkişaf etdirən bir çox uşaq oyunları var. Məsələn, “Tapın görək” oyununun bir variantında uşaqlar sayma yolu ilə hər hansı bir uşağı oyunun kapitanı (usta və ya molla da deyilir) seçirlər. Bu oyunun Azərbaycanın ayrı-ayrı yerlərində müxtəlif adlarla (“Yengəla ha, yengələ”, “Quşum-quşum”, “Durna-durna”, “Səməndər, ay Səməndər”, “Yalan-palan”, “Bir quşum var bu boyda” və s.) oynandığı bilinməkdədir. “Azərbaycan etnoqrafiyası” kitabındakı təsvirə görə “Tapın görək” oyununda oyunun başçısı (usta və ya molla) seçildikdən dərhal sonra digər uşaqları sıraya düzür və ən öndə durana (sırada birinci olana) bir turna (eşmə ip) verir, özü isə nisbətən daha hündür bir yerə çıxıb ağlında tutduğu hər hansı bir quşu, heyvanı, yaxud da hər hansı bir əşyanın əlamətlərini, hərəkətlərini və özəlliklərini uşaqlara işarə etməklə belə deyir: 

Bir quşum var buxartana, 
Qələndər ay, qələndər. 
Dimdiyi var buxartana, 
Qələndər ay, qələndər. 
Su içər buxartana, 
Qələndər ay, qələndər. 
Gözləri var buxartana, 
Qələndər ay, qələndər 
Qanadları buxartana, 
Qələndər ay, qələndər. 
Başı mənim, ayağı sizin, 
İndi bunu siz tapın, görək.

 

Əvvəlcə uşaqlar növbə ilə cavab verməli olurlar. Uşaqlardan hər biri işarə edilən əlamətləri ağlına gələn hər hansı bir şeyə bənzətməklə, başçının dediyini tapmağa çalışırlar. Doğru cavab verməyən uşaq əlindəki turnanı yanındakına verməlidir. Cavabı doğru tapan uşağa başçı “palan” deyir. Bu, bir işarədir. İşarəni alan uşaq əlindəki turna ilə o biri uşaqları vurmağa başlayır. Sual-cavab bu şəkildə davam edir. Əgər başçı cavabı doğru tapana “yalan” deyərsə, digər uşaqlar onun əlindəki turnanı almağa və ya uşağın özünü tutmağa səy edirlər. Uşağın vəzifəsi qaçaraq özünü başçıya (ustaya və ya mollaya) çatdırmaqdır. Uşaq başçıya çatarsa, oyunun birinci dövrəsi bitmiş sayılır və oyun yenidən başlayır. Əgər uşaqlardan biri onu başçıya çatmadan tuta bilsə və turnanı ondan alsa, bu dəfə suallara o cavab verməli olur. Göründüyü kimi, bu oyun uşaqların sürət, çeviklik, manevr etmə qabiliyyəti kimi hərəkətə bağlı bacarıqlarını və ən önəmlisi də zəkalarını inkişaf etdirmiş olur. “Tapın görək” oyununda uşaqlar quşun adını verilən özəlliklərə görə tapmaq üçün düşünməli olurlar. Digər tərəfdən “yalan” cavabından sonra əlində turna olan uşağın tutulması və turnanı verməmək üçün manevr etməsi, sürətlə qaçması, cəldlik göstərməsi də fiziki qabiliyyətlərin inkişafına səbəb olur. Bu tip oyunlarda uşaqların zehni və fiziki bacarıqları bir yerdə tərbiyə edilir.