Şeirlər

Korney Çukovski. Milçək-vizilçək

Tərcümə: Teymur Elçin


 
Milçək, Milçək Vizilçək,
Qarnı qızılı dibçək,
 
Pul tapdı bir düzəndə
Başaşağı gəzəndə,
 
Yolu bazara saldı,
Yekə samovar aldi:
 
"Gəlin, ay tarakanlar,
Qonaq olun, çayım var".
 
Yığıldı tarakanlar,
Boşaldı stəkanlar.
 
Süd gəldi böcəklərə,
Üç fincan içdi hərə,
Hamısı qoğal yedi:
 
Axı, bizim Milçəyin,
Milçəyin-Vizilçəyin

Ad günü idi,
Şad günü idi.
 
Qonaq gəldi birələr
Vizilçəyi görələr.
Çəkmə də gətirdilər
Uzunboğaz, dikdaban,
Düymələri qızıldan.
Qonaq gəldi Milçəyə
Şirindil Arı nənə,
Milçəyə-Vizilçəyə
Bal verdi qarı nənə
"Göyçək qız, kəpənək qız,
Mürəbbə yeyin.
Yoxsa, xoşlamırsınız.
Düzünü deyin".
 
Birdən qoca Hörümçək
BizimMilçəyi görcək
Tutub sürüdü küncə,
İstəyirdi yazığı
Əzişdirə ölüncə.
 
"Ay qonaqlar, görün bir
halımı,
Parça-parça doğrayın
zalımı.
Yedirtmişəm,
İçirtmişəm
sizi mən.
Bu axır nəfəsimdə
Məni buraxmayın tək,
Öldürməsin Hörümçək".
Amma Qurdlar, Böcəklər
qorxdular.
Özlərini künc-bucağa
soxdular:
Tarakanlar divanın,
Böcəklər nərdivanın,
Cücülər çarpayının
Altında gizləndilər,
Hərə bir yerə girdi.
Çünki heç kəs döyüşmək,
Dalaşmaq istəmirdi.
Çəkildilər lap geri,
Tərpənmədi heç biri.
 
Ölürsən, öl, Vizilçək,
Tez qurtar, bizdən əl çək.
Çəyirtkə
əsə-əsə
Lap balaca adam kimi,
Hopp elədi,
Topp elədi,
Düşdü kolun dalına.
Əsdi, əsdi,
Səsini kəsdi.
 
Zarafat etmirdi zalım Hörümçək,
Milçəyi kəndirlə sarıyırdı bərk,
Batırıb dişini qorxu-hürküsüz,
Haradansa gəldi bu vaxt
Balaca Ağcaqanad,
Əlində kiçik fanar:
Vızıldadı о ki var:
"Hani qatil? Hani bəs?
Qorxmuram pəncəsindən
Gəlsin, görüm onu mən".
Hörümçəyin yanında
Qılıncı çəkdi qından.
Birinci zərbə ilə
Baş üzüldü boyundan.
Ağcaqanad Milçəyin
Qoluna girdi,
Pəncərənin önünə
Çəkib gətirdi:
"Doğradım zülmkarı,
Öz qanına bələdim,
Səni azad elədim,
Indi də gəl, canım qız".
Evlənək biz, canım qız.
Cücü-mücülər bu vaxt
Ora-bura baxdılar,
Yerlərindən çıxdılar:
"Var olsun Ağcaqanad,
Ona yaraşır bu ad".
Yığışdı nur-böcəklər,
Yandı işıq-çiçəklər,
Bura sevinc də gəldi,
Keflər kökəldi.
 
Еу qırxayaqlar, qaçın,
Deyin çalğıçılara.
Gəlsinlər bura,
Oynayacayıq.
 
Çalğıçılar yüyürdülər,
Təbilləri döyürdülər:
Воm! Воm! Воm! Воm!
Milçək Ağcaqanadla
Rəqs eləyir dib-bi-dom.
Taxtabiti özündən çıxıb lap,
Ayağını yerə vurur tappatap.
Qaynaşırdı, Oynaşırdı
Böcəklər, pərvanələr,
Cücülər, nələr, nələr...
Şaxəbuynuz böcəklər,
Üstündə bər-bəzəklər,
Papaq yellədirdilər,
Kəpənəklərlə
Rəqs edirdilər.
Qızışdı ara,
Dara-ra, dara-ra.
Bütün cücü-mücülər
Rəqsə girdilər.
Camaat şadlıq edir,
Milçək xanım ərə gedir.
Qoçaq, igid bir zata –
Cavan Ağcaqanada.
 
Qarışqa lələ
Keçib varından –
Çarıqlarından
Arvadı ilə
Atılıb-düşür,
Cücülərə göz vurur:
 
"Ay cücülər, cücülər,
Canımı üzücülər
Nə qəşəngsiniz.
Dara-dara-dam,
Dara-dara-dam,
Nə göyçəksiniz".
 
Çəkmələr cırıldayır,
Dabanlar fırıldayır.
 
Səhərəcən böcəklər
Şadlıq eləyəcəklər:
Axı, bu gün Milçəyin,
Milçəyin-Vizilçəyin
 
Ad günüdür,
Şad günüdür.