Şeirlər

Hüseyn Arif. "Ehtiyacım var"

Şirin söhbətə də, dadlı sözə də,
Həzin rübaba da ehtiyacım var.
Soyuq bulağa da, isti közə də,
Şişdə kababa da ehtiyacım var.


Gah gecə əyilir, gah səhər düşür,
Axıb qulağıma nə səslər düşür.
Fikrimə xudmani məclislər düşür,
Tara, mizraba da ehtiyacım var.


Dostlarla cəmləşib ülfət qılanda,
Yaşdan keçənləri yada salanda,
Əl gülür, əlinə kitab alanda,
Əldə kitaba da ehtiyacım var.

 


Hüseyn Arifəm, saçlarımda dən,
Başdan zarafata alışmışam mən.
Aqillər içində nədənsə hərdən
Başdan xaraba da ehtiyacım var.