Görkəmli şəxsiyyətlər

Sendford Fleminq

Kanadalı mühəndis Sendford Fleminq 1827-ci ildə Şotlandiyada anadan olub. 14 yaşında topoqrafın köməkçisi kimi işləyib. 18 yaşında qardaşı ilə birgə Kanadaya köçür. Bir çox böyük şəhərləri gəzdikdən sonra, nəhayət Piterboroya yerləşirlər. 


1849-cu ildə Kanadada universitetə daxil olur. 1851-ci ildə “Üçqəpiklik bəbir”  ilk Kanada markasını yaradır. 


Fleminq topoqraf kimi çalışırdı. 1855-ci ildə ona Şimali Kanada Dəmir Yolunun aparıcı mühəndisi vəzifəsi verilir. Bu müddət ərzində o, aktiv şəkildə dəmir körpüləri təbliğ edirdi.


1863-cü ildən Yeni Şotlandiyanın baş topoqrafı kimi çalışmağa başlayır.


Nəhayət, 1862-ci ildə ona yeni transkontinental dəmir yolu qurmaq işi tapşırılır. Beləliklə, Fleminq adını tarixə dəmiryolu şəbəkəsinin qurucusu kimi də salır.

 

1876-cı ildə Fleminq İrlandiya vağzalında qatara gecikdiyinə görə Yer kürəsini saat qurşaqlarına bölmək ideyasını irəli sürüb. Məhz onun ideyası sayəsində saat qurşaqları meydana gəlib. Onun gecikməsinin səbəbi isə Fleminqin məsuliyyətsizliyi deyil, vağzalın özünə aid olan lokal vaxtla işləməsi olub. 

 

XIX əsrin sonlarına kimi "ümumdünya vaxtı" anlayışı olmadığından bu kimi problemlərə tez-tez rast gəlinirdi. Qloballaşan və sənaye cəhətdən inkişaf edən dünyada Yer kürəsinin ayrı-ayrı bölgələrində vaxtın vahid şəklə salınması artıq zərurətə çevrilmişdi. Bu haqda təşəbbüsün ilk müəllifi Saratoqa məktəbinin direktoru Çarlz Daud olub, mühəndis Sendford isə böyük həvəslə onun bu ideyasına dəstək verib. Məhz həmin gecikmədən sonra o, bu ideya üzərində səylə çalışaraq daha ciddi təkliflər verməyə başlayıb. Onun bu fəaliyyəti sayəsində Yer kürəsi saat qurşaqlarına bölünüb. 


Sendford Fleminq 22 iyul 1915-ci ildə vəfat edib.