Xəbərlər

Çində bu gün Məşəllər bayramıdır

Ay təqviminin ilk ayının 15-ci günü Çində Yuansyaotsze bayramı qeyd olunur. Bu il həmin gün fevralın 20-nə təsadüf edir. 


Yuansyaotsze bayramı qədim tarixə malikdir və e.ə. II əsrə gedib çıxır. Qərbi Xan sülaləsi imperatoru Ven-di (e.ə. 179-156-cı illər) həmin gün rəqibləri ilə çətin mübarizədə qələbə qazanaraq taxta oturmuşdur. Bu vaxtdan etibarən o, hər il birinci ayın 15-ci günü axşamı saraydan çıxırdı ki, xalqla bir yerdə şənlik etsin. Bayramın adı üç hecadan təşkil olunub: "yuan" – birinci, ilk, "syao" – gecə, "tsze" – bayram deməkdir. Beləliklə, bu imperator Vendinin taxtda ilk gecəsi bayramıdır.


Pekinlilər Bahar bayramı kimi Yuansyaotszeni də ailə içərisində qeyd edirlər. Süfrəyə mütləq xüsusi yemək – yuansyao verilir, bu suda bişirilmiş düyü unundan hazırlanan balaca toyuq yumurtaları boyda ağappaq kürəciklərdir. Tarixi min ildən çox olan yunsyaonun ondan artıq növü var və əsl qurmanlar bayram ərəfəsində onların hazırlanması üçün lazım olan şeyləri tapmaq üçün bir neçə mağaza gəzməyə tənbəllik etmirlər. Ümumiyyətlə isə avropalılar üçün yuansyao şit və qatı dad verir və onun əsas məziyyəti ondadır ki, bu yemək ailə ilə həmişə birlikdə olmaq və xoşbəxt yaşamaq arzusunun rəmzidir.


Yuansyaotszenin başqa adı da var – Dentsze (Məşəllər Bayramı). Məsələ burasındadır ki, eramızın I əsrində Çində buddizm yayılmışdı və Qərbi Xan sülaləsindən olan imperator Min-di (58-75-ci illər) 67-ci ildən başlayaraq həmin günü məbədə getmək və Buddaya ehtiram əlaməti olaraq məşəl yandırmaq adətini qoymuşdur. Bu mənalı mərasim dərhal xalq tərəfindən sevilmişdir. Min sülaləsinin hakimiyyəti dövründə birinci ayın 8-dən 17-dək Pekinin Denşikou və Tsyanmendatsze küçələrində minlərlə məşəl yandırılırdı, elə buradaca onların qızğın alveri gedirdi. Bizim günlərdə Pekini Tszıçjuyuan, Yuanminyuan və digər parklarında məşəllərin sərgi-müsabiqəsi geniş populyarlıq qazanmışdır. Ayrı-ayrı ustalar, müəssisələr, universitetlər və hərbi hissələr bayarma öz konstruksiyalarını: "su və dağlar", "güllər və quşlar" janrında şəkillərlə, tapmaca-yazılarla bəzədilmiş ənənəvi olaraq dörd və ya altıüzlü məşəllər hazırlayırlar. Lakin hərəkətedən elementləri olan, klassik ədəbi əsərlərdən səhnələr əks etdirən və ya müasir motivlərdən təşkil olunmuş çoxmərtəbəli qəliz kompozisiyalara da çox rast gəlinir; əjdaha, şir, simurq şəklində olan məşəllər də uğurla tətbiq olunur. Baxmayaraq ki, ilin bu vaxtı axşamlar kifayət qədər möhkəm şaxta olur, pekinlilər gecəyə qədər füsunkar alovlara tamaşa edərək parkın xiyabanlarında gəzişirlər.


Bu gün Çinin hər yerində Yuansyaotsze bayramı üçün məşəl sərgiləri keçirmək ənənəsi qorunub saxlanmışdır. Sərgiyə müxtəlif konstruksiyalı məşəllərə baxmaq üçün çoxlu insanlar gəlir. Həmin günü uşaqlar əldəqayırma və ya mağazalardan alınmış məşəllərlə küçələrə çıxır və oynaşırlar. Məşəldə tapmaca oyunu – bu bayram şənliklərinin ayrılmaz hissəsidir. Məşəl sahibi onun dibinə tapmaca yazılmış kağız asır. Əgər açmanı tapan cavabı bilirsə, o, kağızı qoparıb cavabı yoxlaya bilər. Əgər o, tapmacanı düz tapıbsa, balaca hədiyyə alır. Məşəldə tapmaca tapmaq adəti Sun sülaləsi dövründə meydana gəlib və bu gün də cəmiyyətin bütün təbəqələri arasında böyük şöhrətə malikdir.