Şeirlər

Abbasqulu ağa Bakıxanov. “Hikmətin fəziləti”

Qədim bir kitabda verilmiş xəbər 
İranda bir həkim varmış mötəbər. 

Ümidi yox ikən onun sabaha, 
Belə bir sifariş göndərdi şaha: 

“Onun üzüyünü böyük hökmdar, 
Ən müdrik adama versin yadigar”. 

Şah bu vəsiyyəti icra edərkən 
Ehtiyat edirdi divanələrdən. 

Çünki hər dövlətli, kasıb, hər gəda 
Özünü ən müdrik bilir dünyada.

Nəhayət, hamını çağırtdırdı şah,
Onları mətləbdən eylədi agah.

Dedi: Üç suala istərəm cavab, 
Kim daha düz desə, olsun intixab. 

Əvvəl – ən xeyirli nədir müxtəsər? 
Tamahkar olanlar dedilər ki, zər. 

Vergi toplayanlar dedilər: xərac! 
Tacirlər dedilər: alver və rəvac! 

Şah dedi:Uzaqdır bunlar mətləbdən 
Orada bir qoca durmuşdu, həmən. 

Söylədi: hər şeydən xeyirli – hünər! 
Hünərsiz heç bir şey olmaz müyəssər. 

Şah qəbul eylədi, soruşdu yenə:
Dünyada hər şeydən yaxşı, deyin, nə?

Yüksəldi müxtəlif səslər saraydan:
Şahın razılığı ... şadlıq, firavan.

Yenə də o qoca dedi bu sözü:
Hər şeydən yaxşıdır, yaxşılıq özü.

Çünki yaxşı sifət olarsa səndə,
Afərin söyləyər dost da, düşmən də.

Şah dedi: Ən lazım nədir insana?
Yenə də çox fikir çıxdı meydana.

Şah isə qocaya edirdi diqqət,
Dedi: ən lazımlı şeydir – həqiqət.

Həqiqət olmasa, olmaz intizam,
Dünya həqiqətlə dolanır müdam.

Şah qalxıb qocaya eylədi təzim,
Üzüyü hörmətlə eylədi təqdim.

Əmr etdi saraydan getməsin bir an,
Ki, alsın hər işdə məsləhət ondan.

Nəhayət, oldu o şahın vəziri,
Ölkəni düzəltdi onun tədbiri.

Nə yaxşı olardı, hər ölkədə, ah, 
Olaydı belə bir vəzir ilə şah. 

Ey Qüdsi, hikmətdən varsa xəbərin, 
Yaxşı adamlarda olsun nəzərin.