Görkəmli şəxsiyyətlər

Nobel mükafatı almış ilk Amerikalı qadın

Laura Ceyn Adams Amerika Birləşmiş Ştatlarının tarixinə Nobel mükafatı almış ilk amerikalı qadın kimi daxil olmuşdur. O,həmçinin ABŞ-ın ictimai-filosof adını almış ilk qadını kimi də öz adını tarixə yazdıra bilmişdir.


Ceyn 1883-cü ildə rəfiqəsi Helen Starla birlikdə Avropa səyahətinə yollanır. Səyahət zamanı onlar Londonda xeyriyyəçiliklə məşğul olan “Toynbi-Holl” təşkilatına baş çəkir. Oksford Universiteti tələbələrinin xidmət göstərdiyi bu yer Ceyndə sosial problemlərə qarşı maraq oyadır və məhz bu səyahətdən sonra o, həyatda nə etmək istədiyini anlayır.


Adam və Star ABŞ-a qayıtdıqdan sonra belə qərara gəlirlər ki, “həyatı elə həyatın özündən öyrənə biləcəkləri bir yer” tapsınlar. Ciddi axtarışlar onları Çikaqonun 19 məhəlləsinə - yoxsullar rayonuna, mühacirlər yaşayan yerlərə gətirib çıxarır. Onlar böyük bir binanı icarəyə götürürlər. Beləliklə, Çikaqonun kasıb bir məhəlləsində Ceyn Adams “Hull-House” xeyriyyə təşkilatını yaradır. Bu təşkilat Şimali Amerikanın ilk xeyriyyə təşkilatlarından olur. Təşkilatın məqsədi yoxsul insanlara yardım etmək və onlara təhsil verməkdən ibarət idi. “Hull-House” xeyriyyə təşkilatı kimi qısa zamanda bir çox böyük işlərə imza atır.


Ceyn Adams və rəfiqəsi Helen Star ehtiyacı olanlar üçün pul toplayır, yüksək təbəqəyə məxsus gənc qadınları onlara maddi dəstək verməyə, uşaqların qayğısına qalmağa, xəstələrə kömək etməyə səsləyirdilər. Məhz bu uğurlu başlanğıcın nəticəsi idi ki, “Hull-House” təşkilatı fəaliyyətinin ikinci ilində artıq həftəyə 2000 nəfər qəbul edirdi.


“Hull-House təşkilatında səhər azyaşlılar üçün məşğələlər keçirilir, günün ikinci yarısında ortayaşlı uşaqlarla görüşlər təşkil edilir, aşxamlar isə gecə məktəbi xarakterini almış bir sıra dərslər tədris olunurdu.


“Hull-House” durmadan inkişaf edir və bir sıra yeni layihələr reallaşdırırdı. Belə ki onlar Çikaqoda uşaq bağçası, məktəb, kafe, idman zalı, qızlar üçün internat klub, cavan qadın işçilər üçün istirahət yerləri, cildləmə emalatxanası, musiqi məktəbi, işədüzəltmə bürosu və əmək muzeyi yaradırlar.


Vətəndaşlıq məsuliyyətinin nə olduğunu dərk edən Ceyn Adams vətənpərvər, yüksək mədəni görüşləri olan, müasir inkişafın bir parçası olduqlarını anlayan liderlərin yetişməsinə də çox böyük sərmayə yatırır. O deyirdi: “Sivilizasiya elə bir həyat metodudur ki, orada hərkəs bərabər hüquq və hörmətə layiqdir”. Onu da qeyd edək ki, “Hull-House” təşkilatında təhsil alan və ya çalışan şəxslər sonradan ABŞ-ın təhsil həyatmda mühüm liderlər olmuşlar.


“Hull-House” təşkilatının köməkliyi ilə sosial işlər professional səviyyəyə qaldırılır. Təşkilatın şöhrəti artdıqca Adamsı şəhərin sosial işlərinə dəvət edirlər. Belə ki o, 1905-ci ildə təhsil üzrə müşavir təyin edilir, bir müddət sonra isə məktəblərin idarəsi üzrə komitənin nümayəndəsi seçilir.


1908-ci ildə C.Adams Çikaqoda vətəndaşlıq dəyərləri üzərində qurulan məktəbin ərsəyə gəlməsində yaxından iştirak edir. Növbəti ildə isə o, milli sosial işlər üzrə ilk qadın prezident seçilir.


Sosial həyatdakı problemlərin həlli yollarını böyük bir həvəslə araşdırıb tapmaq və onları tətbiq etmək Ceyn Adamsın başlıca məqsədi olmuşdur. Məhz bu səbəbdən o, XX əsrdə bütün dünyada reformizm cərəyanının ilk nümayəndəsi, “Hull-House” xeyriyyə təşkilatanı yaradıcısı kimi adını Amerika tarixinə qızıl hərflərlə yazdırmağa müvəffəq olmuşdur...