Bu maraqlıdır!

Tolerantlıq

Tolerantlıq - dözümlülük, başqa sözlə, digər inam və əqidələrə olduğu kimi yanaşma, onların varlığına dözümlü olma deməkdir. Dözümlülük başqa dinə, millətə, mədəniyyətə, adət-ənənəyə, baxışlara, xüsusiyyətlərə qarşı sakit yanaşmaq, onun varlığına dözüm nümayiş etdirmək deməkdir.


Bir qrup tədqiqatçılar qeyd edirlər ki, dözümlülük ideyası ilk dəfə XVI-XVII əsrlərdə Avropada meydana gəlmişdir. O zaman dözümlülük yalnız din və insanların vicdan azadlığı ilə bağlı olmuşdur.


Dözümlülük haqqında tam dolğun fikirlər yalnız XX əsrin ortalarında, İkinci Dünya müharibəsi bitdiyi zaman formalaşmağa başladı. Lakin bu zaman siyasi liderlər dözümlülüyü yox, insan hüquqlarını və vətəndaş azadlıqlarını önə çəkirdilər.


Bu gün tolerantlıq insan hüquqlarının həyata keçirilməsinin, sülhə nail olmağın ayrılmaz hissəsi kimi qəbul edilir. Tolerantlıq güclü əlaqələr yaradır, daha sıx əməkdaşlığa yol açır, insanların həmrəyliyini möhkəmləndirir. Tolerantlıq ədavəti və fikir ayrılığını aradan qaldırmağa kömək edir, zorakılığa və hədə-qorxuya qalib gəlir, cəmiyyətdə təhlükəsizlik hissinin təminatçısı kimi çıxış edir.
Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlı olub insan azadlıqları və hüquqlarını demokratiya əsasmda formalaşdırır. İnsanların irqçiliyə, terrora və ekstremizmə qarşı olub, bunları qəti şəkildə qəbul etməməsi də tolerantlıq hesab edilir.


Tolerantlıq insan hüquqlarının həyata keçirilməsinin, sülhə və əməkdaşlığa nail olmağın əsas amillərindən biridir. Tolerantlıq ədavəti və fikir ayrılığını aradan qaldırır, zorakılığa qalib gəlir, cəmiyyətin sabit inkişafını və təhlükəsizliyini təmin etmiş olur. Tolerant olmaqla insanlar sıx və geniş əhatəli əlaqələr yarada bilir, öz imkanlarını və fəaliyyətini rahatlıqla tənzimləyir, maraq və tələbatlarını daha asan yollarla reallaşdıra bilirlər.


Lakin dözümlülüyün mövcud olması üçün ona uyğun sosial, siyasi, mədəni mühit olmalıdır. Dözümlü davranış tərzi azad iqtisadi və siyasi münasibətlərin formalaşmasını tələb edir. Belə bir cəmiyyətdə əməkdaşlıq və dialoq hamının bir-birinə bərabərhüquqlu və toxunulmaz fərdlər kimi yanaşmasına şərait yaradır. Bu mənada əsl tolerant münasibətlərin mövcudluğu demokratik mühitə malik cəmiyyətlərdə mümkündür. Demokratik cəmiyyət elə bir cəmiyyətdir ki, burada bir nəfərin azadlığı başqasının azad olmasına maneçilik törətmir. O, müxtəlif baxışların çoxluğundan ibarət olub, sosial qrupların öz maraq və mənafelərini ifadə etmək imkanları yaradır.