Görkəmli şəxsiyyətlər

Dmitri Şostakoviç (1906-1975)

Burda güllələnmiş hər bir qoca mənəm,
Burda güllələnmiş hər bir uşaq mənəm. 
 
Dmitri Şostakoviçin 13-cü Simfoniyasının birinci hissəsinin qayəsini təşkil edən bu sözləri bəstəkarın özünə də şamil etmək olar. O, XX əsrdə ölkəsinin payına düşən ağır sınaqları bütün qəlbi, bütün ruhu ilə yaşayıb. Bəstəkar öz əsərlərində, ilk növbədə simfoniyalarında  xalqın əzab-əziyyətini, tökülən günahsız qanları təcəssüm etdirib.
 
XX əsrin faciəli təzadlarını ifadə etmək üçün ən münasib janr simfoniya idi. Ən möhtəşəm əsərlərini bu janrda yazan D.Şostakoviç ötən əsrin ən böyük simfonisti oldu.
 
Petroqrad Konservatoriyasını 1925-ci ildə bitirən D. Şostakoviç diplom işi kimi Birinci simfoniyasını bəstələyib. Bu simfoniya 19 yaşlı bəstəkara dünya şöhrəti gətirib. Sonra bəstəkar özünü musiqinin müxtəlif janrlarında sınayıb: “Burun” operasını, “Qızıl əsr” və “Bolt”  baletlərini yaradıb, fortepiano əsərləri bəstələyib. Sonra onun İkinci və Üçüncü simfoniyaları ərsəyə gəlib. 
 
1932-ci ildə bəstəkar “Mtsensk qəzasının ledi Maqbeti” operasını, fortepiano konserti və “Duru çeşmə” baletini yaradıb. Bu əsərlər  bəstəkarın şadyanalıq və həyat eşqi saçan son əsərləridir. Bundan sonra Şostakoviç musiqisində çevriliş baş verəcək. 
 
1936-cı ildə SSRİ-nin baş qəzeti “Pravda” qəzetində redaksiyanın rəyini ifadə edən “Musiqi əvəzinə səs-küy” adlı məqalə dərc olunub.  Məqalədə tamaşaçıların böyük rəğbətini qazanmış “Mtsensk qəzasının ledi Maqbeti” operası xeyli əvvəl səhnəyə qoyulmasına  baxmayaraq, tənqid atəşinə tutulurdu. Özü də sadəcə tənqid edilmirdi, qaba və bacarıqsız, ona görə də daha təhqiramiz şəkildə alt-üst edilirdi. 
 
D.Şostakoviç başa düşürdü ki, bu məqalə sadəcə onun konkret operasına deyil, bütövlükdə yaradıcılığına qəsddir. Siyasi repressiyaların qızğın çağında belə bir narazılıq yaratmaq, mübahisə etmək və özünü müdafiə etmək ölüm fərmanını imzalamaq demək idi. Mayakovskinin təbirincə desək, D. Şostakoviç “öz mahnısının boğazına çökməli oldu”. 
 
Bundan sonra bəstəkarın sözlə müşayiət olunan bütün əsərləri artıq sifariş xarakteri daşıyırdı, O, həmin əsərləri dolanışıq, bəlkə də salamat qalmaq xətrinə yazırdı. Bu səbəbdən D.Şostakoviç diqqətini simfoniyalar üzərində cəmləşdirir. Bir-birinin ardınca Dördüncü, Beşinci, Altıncı və nəhayət ən məşhur Yeddinci simfoniyalarını (Leninqrad) yaradır. Yeddinci simfoniyanı 1941-ci ildə təxliyə edildiyi Kuybışevdə (indiki Samara) yazır.  
 
Simfoniyanın partiturası təcili olaraq hərbi təyyarə ilə Nyu-Yorka aparılır və ilk dəfə məhz bu şəhərdə səslənir. Sakinləri aclıqdan qırılan Leninqradda isə simfonik orkestr yaratmaq üçün musiqiçilər toplayırdılar. Musiqiçilər çatışmadığı üçün onları döyüşən ordudan geri çağırırdılar. D.Şostakoviçin Yeddinci simfoniyası 1942-ci ilin avqustunda mühasirə şəraitində yaşayan Leninqradda da səslənir. Qəhrəmanlıq musiqisi insanları mübarizəyə, yenilməz olmağa səsləyir, onlara qələbəyə inam hissi aşılayırdı. Yeddinci simfoniyanın melodiyaları bütün müharibə boyu hər kəsin qulağında idi. 
 
Bu əsərin çox məşhur parçasını - “basqın epizodu”nu faşist kinoxronikasının kadrlarında səsləndirməyi sevirdilər. Budur sifətlərində, gözlərində təbəssüm oynayan, qələbələrinə əmin olan azğınlaşmış işğalçılar özlərindən razı halda nizamlı cərgələrlə sovet torpağında addımlayırlar. Amma hələ bilmirlər ki, Vətənin müdafiəsinə qalxaraq son damla qanınadək vuruşmağa hazır olan insanların misilsiz qəhrəmanlığı, yenilməz qüdrəti, möhkəm müqaviməti ilə üz-üzə gələcəklər.  
 
Əlbəttə, Yeddinci simfoniya faşizmə qarşı mübarizəyə həsr edilib. Amma təkcə faşizmə qarşı mübarizəyəmi? Bircə bunu demək kifayətdir ki, “basqın epizodu” bəstəkar tərəfindən hələ müharibədən əvvəl yazılıb. D.Şostakoviç bəlkə də təkcə yadelli işğalçılara deyil, həm də ölkədə insanların iradəsini qıran, onların yaradıcılıq azadlığını boğan zorakılıq maşınına qarşı etiraz səsini ucaltmışdı. 
 
Müharibədən sonra bu maşın bəstəkara yeni bir zərbə hazırlayır. D.Şostakoviç Qələbə Günü şərəfinə ondan gözlənilən monumental əsər əvəzinə gizli qrotesk və hətta istehza dolu kiçik və müəmmalı Doqquzuncu simfoniyasını yazır. Sov.İKP MK-nın 1948-ci il tarixli qərarında Şostakoviç yenə də tənqid edilir. İndi o, simfoniya yazmaq hüququndan da məhrum edilir.
 
Bəstəkar kinofilmlərə musiqi yazmağa başlayır, yəni yenə də sifarişlə işləyir. Amma o bəstələyir. Doğrudur, hələlik sadəcə masasının gözünə qoymaq üçün. Onun skripka ilə orkestr üçün Birinci konserti heyrətamiz dərəcədə avtobioqrafikdir. Bəstəkarın məşəqqətli həyatını əks etdirən bu əsər ilk dəfə Stalin öləndən sonra səslənib. “Mülayimləşmə” deyilən dövr başlayan kimi, D.Şostakoviçin vəziyyəti də yaxşılığa doğru dəyişib. Bəstəkar On birinci (“1905-ci il”) və On ikinci (“1917-ci il”) simfoniyalarını yaradıb. Onun ən məhrəm fikir və hisslərini təcəssüm etdirən On beşinci simfoniya bəstəkarın yaradıcılıq yolunun yekunu olur. 
 
Bütün XX əsr kimi. Şostakoviçin taleyi də enişli-yoxuşludur. O, həm hökumət mükafatları ilə təltif edilir, həm yaradıcılığının ideoloji təzyiq altında daim əzildiyini hiss edirdi. Ardı-arası kəsilməyən təqiblər onun həyatını cəhənnəmə döndərirdi. Çox vaxt nə istədiyini yazır, nə də düşündüklərini deyirdi. O ağır illərdə yaradıcı şəxsiyyətlərin hamısının taleyi bir-birinə bənzəyirdi. Amma başlıca məsələ Şostakoviç irsi, onun dünyanı fəth edən musiqisidir. Şostakoviç musiqisi öz müasirliyini əsla itirməyib, əksinə, tədqiqatçılar daim bu möhtəşəm musiqinin yeni-yeni hüdudlarını kəşf edirlər. 
 
Bu maraqlıdır: D.Şostakoviçin musiqi yazmaq manerası maraqlı idi.  O, öz əsərini uzun-uzadı, bəzən aylarla düşünür, onu bir növ  öz “başında səsləndirirdi”. Nəhayət, istədiyi kimi səslənməyə başlayanda, tələm-tələsik, heç bir düzəliş etmədən nota köçürürdü. Ətrafdakılara elə gəlirdi ki, Şostakoviç ən mürəkkəb əsərlərini çox asanlıqla, əlüstü yaradır.
 
Bir reportyor musiqisini necə bəstələməsindən danışması xahişi ilə az qala bəstəkarı təqib edirdi. Şostakoviç hər dəfə “çox sadə şəkildə” deyib, onu başından edirdi. Amma bu cavab jurnalisti razı salmırdı. Buna görə də bəstəkardan əl çəkmir, prosesin necə getdiyini mütləq öyrənmək istəyirdi. 
 
Nəhayət, Şostakoviç davam gətirməyib belə cavab verdi: “Cavan oğlan, proses bax belə baş verir: kağız, qələm və mürəkkəb  götürürəm, masanın arxasına keçirəm. Qələmi mürəkkəbə batırıb yazıram, batırıram və yazıram...”.