Xəbərlər

Muxtar respublikada uşaqların hüquqları diqqət mərkəzində saxlanılır

Muxtar respublikada uşaqların sağlam yaşamaq, tərbiyə və təhsil almaq, asudə vaxtlarını səmərəli keçirmək hüquqları diqqət mərkəzində saxlanılır. Məktəbəqədər təhsil müəssisələrində körpələrimizin erkən yaş dövründən intellektual, fiziki inkişafını, istedad və qabiliyyətini üzə çıxarmaq, sağlamlıqlarını qorumaq üçün hərtərəfli şərait yaradılır.

 

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Kəngərli Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayon Mədəniyyət Evində keçirilən tədbirdə danışılıb.

 

Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev tədbirdə çıxış edərək bildirib ki, muxtar respublikanın hər yerində olduğu kimi, Kəngərlidə də uşaqlara xüsusi qayğı göstərilir.

 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova qeyd edib ki, muxtar respublikada uşaqlar dövlətimizin böyük qayğısı ilə əhatə olunub. Son 20 ildən artıq dövrdə 215 ümumtəhsil məktəbi, 19 məktəbəqədər təhsil müəssisəsi, 7 orta ixtisas və peşə məktəbi, 26 uşaq musiqi məktəbi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, maddi-texniki baza gücləndirilib, yeni nəslin yüksək bilik və bacarığa sahib olmasına yönəldilmiş dövlət siyasətinin ardıcıllığı və məqsədyönlülüyü təmin edilib.

 

Aytən Məmmədova muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsili və reabilitasiyası, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən olan uşaqlar, onların asudə vaxtlarının səmərəli təşkili üçün görülən işləri sadalayıb, uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik edib.

 

Sonra 2017-2018-ci tədris ilində Kəngərli rayonu üzrə təhsil, incəsənət, idman sahələrində fərqlənən şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

 

Tədbir konsert proqramı ilə davam edib.