Şeirlər

Hikmət Ziya. Sərçənin şairliyi

Sərçə xeyli düşünüb, şöhrətə çatmaq üçün, 
Ən nəhayət, şairlik eşqinə düşdü bir gün. 
Əvvəl “cik – cik” edib özünü sınadı bir, 
Düşündü ki: “Səsimin ahəngi yaxşı gəlir…” 
El içinə çıxmalı əsər yaratsın deyə, 
Aradı bir neçə söz, bir neçə də qafiyə. 
Hey sındırıb başını elə ha yazdı… yazdı… 
On vərəq qaraladı desəm, yenədə azdır. 
Uçdu, Tovuzquşuna oxusun yazısını, 
Bir ona da bildirsin şairlik arzusunu. 
Xeyli də çəkdi onun şerinin oxunuşu, 
Qulaq asıb, başını buladı Tovuzquşu… 
Bu hal bizim Sərçəni salmadı heç həvəsdən, 
Qırqovulun yanına gəlib dedi o: - Qəsdən 
Gözləri götürməyir, böyük addım atmışam, 
Sən qulaq as bir mənə, gör nələr yaratmışam?! 
Yazdığını oxudu, özündən bədgüman quş, 
Amma qırqovula da sözləri gəlmədi xoş. 
Göyərçin yuvasına üz qoydu bu an Sərçə, 
Dedi: — Dinlə bir məni, bu haqsızlığa səncə, 
Kim dözər, dözürəm mən! 
Bayaqdan gəzirəm mən, 
Şerimi bəyənməyir Tovuzquşu, Qırqovul… 
Sən qulaq as bir mənə, amma ədalətli ol. 
Söylə niyə boğurlar mənim təzə səsimi, 
De, niyə söndürürlər çağlayan həvəsimi?! 
Göyərçin dedi: - Yaxşı, oxu, feyziyab olaq, 
Sərçə əl-qol ölçərək, coşdu, nə coşdu bu vaxt… 
Göyərçin gördü, - onda nə ürək var, nə ilham, 
Nöqsanları göstərib, danışdı aram – aram. 
Dedi: – “Cik-cik…” sözləri bizə çoxdan tanışdır. 
“Təzə səsim var” – dedin, məncə fikrin yanlışdır. 
Sərçə qardaş, qulaq as, 
Şeri yaratmaq olmaz, 
- Təkcə “cik-cik” deməklə, 
Qafiyəni bilməklə. 
Bu sözlər kar etmədi, düzü, Sərçəyə yenə, 
O, şair olmasa da, 
Şeir nədir bilməsə də, 
Yaman tutulmuşdu şeir xəstəliyinə.