Bu maraqlıdır!

Təsviri sənətdə batal və tarixi janrlar

İncəsənətin bir çox növlərində janr bölgüsü mövcuddur, lakin müxtəlif incəsənət sahələrində bu bölgü fərqlidir. Təsviri sənətdə müharibə, döyüş səhnələri və hərbi həyat mövzuları – batal(hərbi) janrına; cəmiyyətin həyatında sosial əhəmiyyətli tarixi hadisələrə həsr olunmuş əsərlər isə tarixi janra aid edilir.


Batal janrındakı əsərlərdə əsas yeri vətənpərvərlik ruhu, hərbi yürüş və döyüş səhnələri tutur. Bu janrda əsərlər yaradan rəssam batalist adlanır. Müharibə, döyüş və yürüş səhnələri təsviri sənətdə çox qədim zamanlardan mövcuddur. Qayaüstü rəsmlər, Qədim Şərq relyefləri, qab üzərində qədim yunan təsvirləri, zəfər tağı və sütunlarındakı relyeflər – bu janra aid nümunələrdir. Orta əsrlərdə müharibə və döyüş səhnələrini parça üzərində, xalçalarda, qobelenlərdə, Avropa və Şərq kitab miniatürlərində təsvir edirdilər.

 

Batal janrı rəssamdan təkcə müharibə və ya döyüşü təsvir etmək bacarığı deyil, həm də tarixi həqiqətləri, müxtəlif dövrlərə aid hərbi texnikanı bilmək, təbiəti və döyüş heyvanlarını təsvir etmək qabiliyyətinə dair ustalıq tələb edir.


Tarixi janra rəssamlar qədim zamanlardan müraciət edirdilər. Belə əsərlərdə tarixi hadisələr, görkəmli şəxsiyyətlər, cəmiyyətdə baş verən ictimai əhəmiyyətli hadisələr təsvir olunurdu. Tarixi janr təsviri sənətin digər janrları – məişət, portret, mənzərə ilə sıx əlaqəlidir.


Bu janrlar qədim zamanlardan meydana gəlsə də, sərbəst janr kimi İntibah dövründə Avropada formalaşıb.