Xəbərlər

Paytaxt şagirdləri arasında keçirilən şeir müsabiqəsinin II mərhələsinə başlanılıb

Paytaxt üzrə VI-XI sinif şagirdləri arasında keçirilən “Azərbaycan dili-milli varlığımızdır” şeir müsabiqəsinin II mərhələsinə start verilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, müsabiqə Azərbaycan dilinin tarixi barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədilə keçirilir.

 

Müsabiqədə seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan, səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi, ifadəliliyi, düzgünlüyü və ifa üçün ayrılmış vaxta riayət edilməsi meyarları əsas götürüləcək. Müsabiqənin paytaxt üzrə rayon mərhələsində ilk mərhələnin qalibləri iştirak edəcəklər.

 

BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən müsabiqənin III mərhələsi martın 11-dən 30-dək baş tutacaq. Müsabiqənin 3-cü şəhər mərhələsində paytaxt üzrə rayon mərhələsində I və II yerləri tutan şagirdlər iştirak edəcəklər.

 

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.