Görkəmli şəxsiyyətlər

Əlif Hacıyev

Əlif Hacıyev 1953-cü ildə iyun ayının 24-də Xocalı şəhərində doğulub. 1960-1970-ci illərdə Xocalı orta məktəbini, 1970-1971-ci illərdə Stepanakert şəhərində OADKYC nəzdində avto-məktəbi bitirmişdir.
1971-1973-cü illərdə Minsk şəhərində hərbi xidmətdə olmuşdur. 1974-1984-cü illərdə Belorusiya Daxili İşlər Nazirliyi sistemində və ardından Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. 1976-1979-cu illərdə M.V.Frunze adına SSRİ DİN-nin Xüsusi Orta Milis Məktəbində təhsil almışdır. 1981-ci ildə təhsilini SSRİ DİN-nin Akademiyasının Leninqrad fakültəsində davam etdirmişdir. 1982-ci ildə xidmət yerini Azərbaycan Respublikasına dəyişməsi ilə əlaqədar təhsilini Hərbi Akademiyanın Rostov vilayətindəki strukturunda davam etdirmişdir.
 
Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər Şöbəsində işləyərkən millətçi ermənilər tərəfindən ona qarşı dəfələrlə xəyanətkarlıq edilmişdi. Hətta Əlifə cinayət işi açmışdılar. Lakin 1988-ci il Dağlıq Qarabağ hadisələrinin başlanması ilə Əlif Hacıyevə qarşı ermənilər tərəfindən edilən qatı cinayətin üstü açılmış, o bəraət qazanmış və öz işinə bərpa edilmişdir. Əlif 1990-cı ildə Xocalıya qayıdır. Dağlıq Qarabağda yaradılmış Təşkilat Komitəsində fəaliyyət göstərir.
 
O, Xankəndində işlədiyi müddət boyunca, ermənilər ondan çəkinir və onu Xankəndindən uzaqlaşdırmağa çalışırdılar. Ancaq Qarabağ azərbaycanlıları sevinirdilər ki, Əlif Hacıyev onların arasındadır. O vaxt Əlif Hacıyevə çox məsuliyyətli bir iş tapşırıldı. O, Xocalı şəhərində yerləşən Hava Limanına rəhbər işə təyin edildi. Həmin vaxtlar Əlif Hacıyevin fəaliyyəti bütün Azərbaycana səs salmışdı. Ermənilərə göz verir, işıq vermirdi. Ermənistandan gələn təyyarələrə nəzarət edir, onların uçuşlarını məhdudlaşdırırdı. Digər tərəfdən isə gecə-gündüz Xocalının müdafiəsi üçün var qüvvə ilə çalışırdı. 
 
1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərdilər.Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda, balaca bir oğlan uşağına papağını hədiyyə edib. Ona demişdi ki,
 
“Qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan."
 
Əlif Hacıyev yenə gücünə, adamların etibarına və etimadına inanıb geri çəkilmədi. İlk növbədə dinc əhalini nisbətən təhlükəsiz yerə çatdırmağa cəhd göstərdi. Qanlı döyüş gecəsində adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra bildi. Amma hələ də təhlükədə xeyli adam vardı və bu adamlar Əlif Hacıyevin yolunu gözləyirdi. Belə məqamda Hacıyev bir an belə dinclik tapmırdı, qətiyyətlə yenidən geriyə döndü. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Əlif Hacıyevin qəlbinə sancılır.
 
Əlif Xocalı camaatı üçün çox iş gördü. Gecəli-gündüzlü, erməni daşnakları ilə vuruşdu və xalq, Vətən uğrunda qəhrəmanlıqla həlak oldu. O müdhiş gecədə Əlifin qardaşı Süleyman da həlak oldu. 
 
Əlif Hacıyev Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.
 
Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır