Nağıllar, hekayələr

İradə Aytel. Küsəyən hindtoyuğu

Nurlananın babası üç dənə hindtoyuğu aldı. Qırmızı dimdikli, çil-çil hindtoyuqlarının hərəkətləri çox cəld və iti idi. Nənə dedi ki, yazda bu toyuqlar kürt düşəcək və çoxlu cücələri olacaq. Həm də hindtoyuqlarının dişisi ilə bərabər erkəkləri də yumurtanın üstündə yatır. 

 

Yaz gəldi. Hindtoyuqlari yoxa çıxdılar. Onlar bir neçə gündən bir növbə ilə görünür, dən yeyir, su içir, yenidən gizlənirdilər. Nənə hindtoyuqlarının hardasa kürt düşdüyünü, onların gizlin yerdə yumurta qoymağı sevdiklərini söylədi.

 

Nurlana nənəsinə diqqətlə qulaq assa da yenə də, bütün günü həyətlərində hindtoyuqlarını gəzirdi. Bir gün o, hindtoyuğunun birinin həyətdəki alma ağacının altından çıxdığını hiss etdi. Tez özünü həmin kolluğa verdi və otlardan düzəldilmiş yuvada çoxlu yumurta gördü. O, qaça-qaça nənəsinin yanına gəldi:

 

- Nənə, hindtoyuğumuz bala çıxaracaq, kürt düşüb. Nənə təəssüflə dedi:


- Qızım, sənə dedim axı, onun yumurtalarına baxmaq olmaz. Onlar onda qorxub da yerlərindən perik düşürlər.  


Nənənin sözlərindən heç nə başa düşməyən Nurlana hər gün kolluqdakı hindtoyuğunun yanına gedir onunla söhbət edirdi:


- Bax, ay çilçilim, mən sənə dən gətirirəm, su gətirirəm, sən tez bala çıxarasan deyə. Nənə dediyi yerə düşmə yaxşı? Mən sənin balalarına da yaxşı baxacam, onlara da dən, su verəcəm.

 

Toyuq isə balaca qırmızı gözlərini ona zilləyir, ürkmüş halda yuvasından durur və gözdən itirdi.

 

Aradan günlər keçdi. Bir səhər tezdən hindtoyuğu, arxasınca isə çoxlu cücələri həyətə gəldilər. Nurlana tez alma ağacının altındakı kolluğa tərəf qaçdı. Burada gördüyü yumurtalar eləcə də dururdu. o, bildi ki, həyətlərindəki cücələr o biri hindtoyuğunun balalarıdır. Nurlana balasız qalan hindtoyuğu üçün çox təəssüf elədi və nənəsinə söz verdi ki, bir də küsəyən hindtoyuğunun yumurtalarına əlini vurmayacaq.