Şeirlər

İmadəddin Nəsimi. “Mövsimi-novruzü neysan...”

Mövsimi-novruzi neysan aşikar oldu yenə, 
Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə.


Qönçədən gül baş çıxardı, saldı üzündən niqab, 
Bülbüli-şeyda xətibi-laləzar oldu yenə.


Əski dünya yengi xələt geydi bu mövsimdə uş, 
Çöhrəsi dövrü bu gün nəqşü nigar oldu yenə.


Nərgisi gör, cam əlində mey sunar ariflərə, 
Cümləsin məst eylədi, kəndi xumar oldu yenə.


Badə içmək rövzədə gər sən dilərsən hur ilə, 
Yar əlin tut, bağçaya gir, novbahar oldu yenə.


Saqiya, cami gətir kim, mən uşatdım tövbəmi, 
Əski təqvimim mənim bietibar oldu yenə.


Sən Nəsimi razini, ey dan yeli, yarə yetir 
Kim, anın halı pərişan, biqərar oldu yenə.