Şeirlər

Cabir Novruz. “Bir ana qucağında bir körpə aparırdı”

Küçələrdən keçənlər durub
boylanırdılar,
Cavan qızlar, gəlinlər gizlicə yanırdılar.
Göz qoyurdu qarılar köks ötürüb dərindən,
Seyr edirdi uşaqlar, seyr edirdi gəlinlər.
Bütün şəhər elə bil bu lövhəyə dalırdı,
Bir ana qucağında bir körpə aparırdı.

 

Ona ad gəzirdilər, beşik axtarırdılar,
Başına dönürdülər, qadasın alırdılar.
Nənəsi yorğanını bərk-bərk
qucaqlamışdı,
Xalası bələyinə göy muncuq bağlamışdı,
Əmisi əsgər kimi yeriyirdi dalınca,
Osa sakit, astaca baş qoymuşdu balınca...
Xırda, qara gözləri açılır, qapanırdı,
Bir ana qucağında bir körpə aparırdı...


Büsbütün arzuları
uşaq təzələmişdi,
Uşaq nə eləmişdi,
tamam düz eləmişdi,
Nə qədər istək, murad gətirmişdi özüylə,
Baba kimi fəxri ad gətirmişdi özüylə,
Nənə kimi fəxri ad gətirmişdi özüylə.
Ata istəyi üçün, ana harayı üçün,
Qaynar, gur, təlatümlü ailə çayı üçün
Bir dayaq aparırdı, bir körpü aparırdı.
Bir ana qucağında bir körpə aparırdı...
Dünya bir nəğmə idi,
dünya bir yuxu idi,
Elə bil yer üzündə
bir tifil də yox idi.
Muzeylərə dönmüşdü sanki yetimxanalar,
Dəyişmişdi elə bil nankor ata-analar,
Elə bil hər tərəfdən süd qoxusu gəlirdi,
Analar şərəfinə alqışlar yüksəlirdi,
Bütün dillər elə bil xoş bir layla
çalırdı,
Bir ana qucağında bir körpə aparırdı...

 

İşıqlanmışdı sanki zülmət-zülmət
ölkələr,
Nur içində üzürdü uzaq, yaxın qitələr,
Hər an artan ordular azalmışdı elə bil,
seyrəlmişdi elə bil,
Bütün hərbi bazalar yumşalmışdı elə bil,
kövrəlmişdi elə bil,
Elə bil ki, ölənlər, itənlər tapılırdı,
Bir ana qucağında bir körpə aparırdı.

 

Demə balaca idi, demə ki, kiçik idi,
O mənim yurdum üçün lap əsil kişi idi,
Böyük bir nəsil idi o mənim xalqım üçün,
O bir bərəkət idi süfrəmdə, ocağımda,
Mənə elə gəlirdi o ana qucağında
Bir ordu aparırdı, bir ölkə aparırdı,
Bir ana qucağında bir körpə aparırdı.