Görkəmli şəxsiyyətlər

Helen Adams Keller

“Bir xoşbəxtlik qapısı bağlananda digəri açılar. Ancaq biz bağlanan qapıya o qədər uzun-uzadı baxırıq ki, bizim üçün açılmış olan yeni qapını görmürük”.
Helen Adams Keller

 


Onun adı istər yaşadığı dövrdə, istərsə də ölümündən sonra milli mənsubiyyətindən asılı olmayaraq, müxtəlif təbəqələrdən olan insanlar tərəfindən daim xoş qarşılanmış, xüsusi ehtiramla yad edilmişdir. Dünya şöhrətli yazıçı Mark Tven onu XIX əsrin iki ən böyük şəxsiyyətindən biri kimi təqdim etmişdir. Pedaqogika tarixində özünəməxsus yeri olan bu şəxs Helen Adams Kellerdir.


Ailənin ilk qız övladı olan Helen maddi cəhətdən imkanlı bir ailədə dünyaya gəlmişdir. 1 yaş 7 aylıq olarkən Helen ağır xəstəlik keçirir bir neçə gün davam edən yüksək hərarət nəticəsində Helen görmə eşitmə və danışma bacarığım itirir. Bu hadisə onun ətraf aləmlə əlaqəsini tamamilə kəsir.


Buna görə də Helen tez-tez əsəbiləşir, əlinə keçən qabları qırır və bütün əşyaları dağıdırdı. Çünki gücü yalnız buna çatırdı. Belə vaxtlarda o, yanında olan hər kəsin üzərinə hücum edir, özündən uzaqlaşdırırdı.


Helenlə ən yaxşı yola gedən şəxs isə ailə aşbazının kiçik qızı Marta Vaşinqton idi. Helenin ən çox Martam incitməsinə baxmayaraq, onlar çox yaxşı anlaşa bilirdilər. Belə ki Helenin 7 yaşı olanda onlar artıq 60-dan çox işarələrlə ünsiyyət qurmağı bacarırdılar.


Həkimlər Helenin zehni xəstə olduğunu demiş və valideynlərinə təklif etmişdilər ki onu həmişəlik ruhi xəstəxanalardan birinə yerləşdirsinlər.


Ancaq valideynlər həkimlərin heç biri ilə razı deyildilər. Onlar düşünürdülər ki, qızları ruhi deyil, sadəcə, fiziki xəstədir və bunun bir çarəsini tapmaq olar.


1886-cı ildə Helen atası ilə birlikdə doktor Çisolmun yanında olur. Doktor Çisolm Heleni müayinə etdikdən sonra onları telefon ixtiraçısı Aleksandr Qreyam Bell ilə görüşdürür. Heleni Boston korlar məktəbinə yerləşdirirlər. Məktəb direktoru 20 yaşlı Anna Sallivanı Helenə müəllim təyin edir. A.Sallivan 1887-ci ilin martında Helenin Alabamadakı evinə gəlir və beləliklə, onların arasında gələcək 49 illik münasibətin əsası qoyulur. Anna Sallivan ömrünün sonuna kimi Helen Kellerin yanından ayrılmır, onun qazandığı bütün uğurlarda birbaşa və ya dolayısı ilə iştirak edir.


Anna Sallivan Helenlə ünsiyyət qura bilmək üçün barmaqları ilə onun əlinə yazı yazmağa başlayır. O, Helen üçün gətirdiyi gəlinciyi onun bir əlinə verir, digər əlinin içinə isə barmaqları ilə “gəlincik” sözünü yazır. Helen müəlliminin barmaqlarını öz ovcunda hiss edir, onun yazdıqlarını duyur, ancaq əlinə yazılanların mənasını başa düşmürdü.


Bu metod müxtəlif əşyalarla davam etdirilsə də, bir faydası olmurdu. Anna isə səbirlə öz təliminə davam edirdi.

 

Bir gün Anna Helenin əlini axar suyun altına tutur. Digər əlinin içinə isə “su” yazır. Helen, nəhayət ki, bir əlində hiss etdiyi sərin su ilə digər əlinə müəlliminin yazdığı sözü bir-biri ilə əlaqələndirə bilir. Bu hadisədən sonra Helendə möhtəşəm bir inkişaf başlayır. Bu balaca qızın qarşısında sanki yeni bir dünyaya qapılar açılır və o bu qapılardan içəri girərək sürətlə addımlayır. Müəllimindən hər bir şeyi ona yazaraq öyrətməsini istəyir. Tədricən o, yazılı mətnləri də həvəslə öyrənir.


1890-cı ildə Anna öyrənir ki, Norveçdə Raqnilda Kaata adlı lal və kar bir qız “Tadoma” metodu ilə danışmağı və yazmağı öyrənib. O bu metodu Helenin də üzərində sınaqdan keçirmək qərarına gəlir. Bu zaman Helenin artıq 10 yaşı vardı. Tezliklə Helen insanın dodaqlarına toxunaraq onun nə dediyini anlamağa başlayır. Sallivan müxtəlif sözlərin hərflərini Helenin əlinin içində işarə etməkdə də davam edirdi. Nəticədə Helen əvvəl ingiliscə, sonra isə almanca və fransızca oxumağı öyrənir. Az sonra isə o, artıq “Brayl” metodu ilə yunanca da oxuya bilirdi.


1894-cü ildə Helen Nyu-Yorkdakı korlar məktəbinə daxil olur. “Redklif” kollecində oxumağa başlayanda o, alman və latın dillərini də bilirdi. Sonra isə rus dilini də öyrənməyə müvəffəq oldu.


Helen 1904-cü ildə - 24 yaşmda ikən “Redklif”in pedaqogika fakültəsini əla qiymətlərlə bitirir. O, tarixə kar, kor və lal kimi ali təhsil alan ilk adam olaraq düşür.

 

Universitetdə təhsil aldığı illərdə Helen öz həyat hekayəsini qələmə alır. Həmin kitabı 1903-cü ildə yayımlayır. "Həyatımın hekayəsi" adlı bu kitab başlanğıcda çox satılmasa da, daha sonra klassik olur. Kitabların ən populyarı olan "Həyatımın hekayəsi" 50 dilə tərcümə edilir. Helen Keller özü sərbəst yaza bilməsə də 7 kitabın müəllifidir. Müəllim və şagird bu kitabın nəşr olunmasını təmin edən tanınmış sosialist tənqidçi Con Albert Masu ilə çox yaxşı dost olur. Enn 1905-ci ildə Con Albert Masu ilə evlənir və Enn Sallivan adını alır. Lakin bu evlilik müəllim-şagird münasibətlərinə təsir etmir. Helen bundan sonra Masu cütlüyü ilə Massaçusetsdə yaşamağa başlayır. O, bu dövrdə mühitindəki dünyayı necə başa düşdüyünü izah edən "Yaşadığım dünya" adlı əsərini yazır.


Hollivuddan film çəkmək təklifi gəlincə isə dərhal qəbul edirlər və Helenin həyatından bəhs edən film çəkilir. Lakin Helen çekilən bu filmi heç bəyənmir və film gözlənilən maddi qazancı gətirmir. Helen və Enn vodevil qastrolları ilə həyatlarını qazanmağa davam edirlər. İkili 1918-ci ildən Nyu-Yorkda yaşamağa başlayır. Qastrolları davam edən ikili qazandıqları xeyli miqdarda pulu Amerika Görmə Əlilləri Fonduna köçürür. Helen Keller toplanan ianələri əlil insanların ailələrinin həyat şəraitini yaxşılaşdırmaq üçün sərf edirdi. 1921-ci ildə Helenin anası dünyasını dəyişir və Helenin yanında tək həmdəmi Enn qalır. Lakin Enn həmin il xəstələnir, 1922-ci ildə yaşadığı bronxit üzündən sadəcə pıçıldayaraq danışa bilir. Beləliklə, Helen səhnədə tək qalır. 1914-cü ildə bu ikili ilə birgə katibə olaraq çalışmağa başlayan Polli Tomson Enninin əvəzinə çıxış eləməyə başlayınca bu çətinlik dəf edilir və göstərdikləri tamaşalar ilə yenə fond üçün vəsait təmin edə bilirlər.

 

Cütlük 1931-ci ildə İngiltərə kral və kraliçası ilə tanış olurlar. Bu illərdə Enn Sallivanın səhhəti daha da pisləşir. Enn Sallivan 1914-cü ildən Con Masu ilə ayrı yaşayırdı, lakin 1931-ci ildə Con Masunun ölümü onu daha da sarsıdır və Enn Sallivan 1936-cı ildə vəfat edir. Ennin ölümündən sonra Helen Polli ilə Konnektikut ştatına köçür. İkinci Dünya müharibəsindən sonra Helen və Polli işlərini təkcə amerikalı görmə əngəllilər üçün deyil, həm də bütün dünyadakı görmə əngəllilər üçün davam etdirirlər. Yaponiya, Avstraliya, Güney Amerika, Avropa və Afrikaya gedirlər. Evlərində çıxan yanğın nəticəsində Helenin yazmaqda olduğu "Müəllim" adlı son kitabı yandır. Polli Tomson 1957-ci ildə keçirdiyi infarkdan sonra tam sağalmır və 1960-cı ildə vəfat edir. Onun külləri Vaşinqtonda Enn Sallivanın məzarının yanında basdırılır.