Şeirlər

Mikayıl Müşfiq. “Bayram axşamı”

Yadımdadır çocuqluqda
Əziz bayram gecələri...
Anam, atam, üç qardaşım,
Qoca nənəm, bir də əri. 

 

Toplaşırdıq bir süfrənin
Gülə-gülə dövrəsinə.
Nənəm derdi: -Qurban olum
Yaradanın süfrəsinə. 

 

Bir sininin kənarında
Yaxılırdı iki-üç şam,
Qarşımızda şəkərbura,
Noğul-nabat, püstə-badam. 

 

Hələ üskü axşamları,
Qiyamətdən nişanədir.
Oynamaqçın çocuqlara
Böylə günlər bəhanədir. 

 

Ocaq yaxıb, od qalayıb
Üzərində atlanırdıq.
Oynayırdıq yorulduqca,
Yorğunluğa qatlanırdıq. 

 

“Gün çıx” deyə, “gün çıx” deyə
Çalxanırdı sevincimiz.
“Kəhər atı min çıx” deyə
Qışqırırdı ən dincimiz. 

 

Əynimizdə təzə paltar,
Başımızda təzə papaq.
Odlu məşəl əlimizdə
Dolaşırdıq soqaq-soqaq. 

 

Qışqırırdıq, bağırırdıq
Ölçə-ölçə küçələri.
Söz qısası, xoş keçirdi
Bizə bayram gecələri. 

 

Sabah Novruz bayramıdır
Deyə-deyə yatıyorduq,
Çəkdiyimiz acıları
Sevinclərə qatıyorduq. 

 

Bu axşamsa mən yalnızam,
Ətrafımda yox bir kimsə.
Qapdırmıyor bu yalnızlıq
Fəqət məni qeyri-hissə. 

 

Mən bu gecə sabahı bəkliyorum səbirsiz,
Sabah məndən xəbərsiz
Anlamıyor həycanımı, duyğumu;
Zəncirləyib gözlərimdə uyğumu.
İçində bir yatağan qıvrılıb gərinmədə,
Xəyalən xəyalıma al şəfəqlər sinmədə.
Yox, bu gecə mən özümdən fərqliyəm.
Qarşımda bir kalendar...
Baxmaqdayım, baxınmaqda haqlıyam.
İstiyorum bir ruzgar
Pəncərəmdən əsə-əsə
Birnəfəsə,
Bu gecəyi unudulmuş gecələrə çevirsin. 

 

Bir ruzgar ki, şəffaf barmaqlarilə
Bir vuruşda devirsin
Son dəmini yaşayan bu yaprağı,
Bir ruzgar ki, büllur dırnaqlarilə
Tırmalasın otuz deyə mana baxan varağı. 

 

Bu varağın arxasında
Çünki şanlı bir mayis var,
Bir mayisin yaxasında
Qıpqırmızı bir köküs var. 

 

Bir köküs ki, yeni həyat
Sevdasilə dalğalanır.
Üfüqlərdə çalıb qanat
Şəfəqlərdə yırğalanır. 

 

Odur ki, mən sabahı bəkliyorum səbirsiz,
Sabah məndən xəbərsiz
Anlamıyor heycanımı, duyğumu;
Zəncirləyib gözlərimdə uyğumu
İçində bir yatağan qıvrılıb gərinmədə,
Xəyalən xəyalıma al şəfəqlər sinmədə.