Xəbərlər

Baş Dövlət Yol Polisi İdarəsi uşaq və yeniyetmələr arasında rəsm müsabiqəsi elan edir

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” mövzusunda uşaq və yeniyetmələr arasında rəsm müsabiqəsi elan edir.

 

İdarədən AZƏRTAC-a bildiriblər ki, müsabiqə uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, yol hərəkəti qaydaları haqqında məlumatlılığın artırılması, ətraf mühitin nəqliyyatın zərərli təsirlərindən qorunması ilə bağlı ictimai həmrəyliyin təmin olunması məqsədilə həyata keçirilir.

 

Müsabiqədə 7-16 yaşarası şəxslər iştirak edə bilərlər. Təqdim edilən əsərlər müəyyən edilmiş mövzular üzrə olmalıdır. Əsərlər geri qaytarılmır. İştirakçının sənədləri tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda əsər müsabiqəyə buraxılmayacaq. Bir müəllif tərəfindən müsabiqəyə 2 və daha çox əsər təqdim edilə bilər. İştirakçı təqdim etdiyi əsərin üzərində (əsərin aşağı sağ küncü tövsiyə olunur) adını və yaşını qeyd etməlidir. Müsabiqəyə təqdim edilən əsərlərin iştirakçı tərəfindən yaradılmasına əsaslı şübhələr olduqda əsər müsabiqəyə buraxılmır. Əsərlərin qəbulu aprelin 5-dən mayın 25-dək aparılacaq. Qaliblər mayın 30-da müəyyən olunacaq.

 

Qiymətləndirmə mövzunun əhatəliliyi, materialın tamaşaçı üçün informasiya payı, təqdim olunan əsərin üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi, qərəzsizlik və məsuliyyət, ictimai maraqların müdafiəsi meyarları əsasında aparılacaq. Müsabiqəyə rəsm və ya digər sənət nümunələrinin əsli təqdim edilməlidir. Yaradıcılıq işləri poçt vasitəsilə və ya hər gün (bazar günü istisna olmaqla) saat 10:00-dan 17:00-dək Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinə təqdim olunmalıdır. Müsabiqəyə təqdim ediləcək əsərlərin fotosu [email protected] elektron poçt ünvanına göndərilməlidir.

 

Müsabiqə üçün iştirakçının təhsili, ictimai fəaliyyəti, yaşayış ünvanı və əlaqə vasitələri haqqında məlumat, şəxsiyyət vəsiqəsinin surəti tələb olunur.

 

 

Müsabiqənin nəticələri kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq və seçilmiş əsərlərdən təbliğat-təşviqat xarakterli çap nümunələrində istifadə olunacaq, qaliblər mükafatlandırılacaq. Seçilmiş əsərlərdən ibarət toplu albom şəklində də nəşr olunacaq.

 

Ünvan və əlaqə vasitələri: Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi 4, www.dyp.gov.az, telefon: +994 12 590 81 07, faks: +994 12 498 02 17, e-mail: [email protected].