Şeirlər

Süleyman Rüstəm. "Azərbaycana gəlsin"

Vətənimin seyrinə çağırıram elləri,
Sərvət görmək istəyən Azərbaycana gəlsin!
Bəzənib başdan-başa şəhərləri, kəndləri
Cənnət görmək istəyən Azərbaycana gəlsin!

 

Qanımızda dövr edən sədaqətdir, sədaqət,
Günəşdən də parlaqdır gözümdən bu həqiqət.
Dostuna, qardaşına təmənnasız məhəbbət,
Hörmət görmək istəyən Azərbaycana gəlsin!

 

 

Gözəlliklər Vətənə gözəllərindən gəlir,
Dostluğun-qardaşlığın təməllərindən gəlir.
Könüllərin müqəddəs əməllərindən gəlir,
Qüdrət görmək istəyən Azərbaycana gəlsin.

 

Saysız qəhrəmanların
Qurub yaradanların,
Qocasında, gəncində, bu sadə insanların
Şöhrət görmək istəyən Azərbaycana gəlsin!

 

 

Payızında, qışında, baharında, yazında
Dinir dostluq nəğməsi könüllərin sazında.
Sabaha addımlayan mərd oğlunda, qızında
Qeyrət görmək istəyən Azərbaycana gəlsin!

 

Zavalsızdır ömürlük qoynundakı bağça, bağ,
Məhəbbəti, şöhrəti dolaşır oymaq-oymaq,
Al bayraqlar altında alnı açıq, üzü ağ,
Millət görmək istəyən Azərbaycana gəlsin!