Xəbərlər

Təbiət Tarixi Muzeyində faunanın ən qədim nümunələri nümayiş olunur

Mamont, fil, kərgədan, ibtidai kəl, zürafə…

 

Əlbəttə, bu heyvanlar Azərbaycanda yaşamırlar. Lakin Azərbaycan ərazisində onların sümüklərinin tapılması məskəni tropik iqlim qurşaqda yerləşən ölkələr olan həmin heyvanların vaxtilə ölkəmizdə yaşadığınü sübut edir. Xortumluların ona qədər, balinakimilərin müxtəlif növlərinin də qalıqları iqlim dəyişikliyinə qədər Azərbaycanın zəngin faunaya malik olduğunu sübut edir.

 

AMEA-nın Təbiət Tarixi Muzeyinin direktor müavini, Əməkdar mədəniyyət işçisi Obrik Zeyniyevin AZƏRTAC-ın müxbirinə dedikləri buna aydınlıq gətirir:

- 2001-ci ildə Mingəçevirdə Bozdağın ətəyində aparılan qazıntılar zamanı filin alt çənəsiz kəlləsi tapılıb. Keçən il isə yenə həmin ərazidən troqonteri filinin kəllə sümüyü tapılıb. Son iki ildə muzeyimizin əməkdaşları Balakənin Katex polimetal yatağından, Gədəbəyin Uğur, Köhnə Gədəbəy və Qədir filiz yataqlarından, eləcə də Daşkəsənin alunit və kobalt yataqlarından aşkar etdikləri geoloji və paleontoloji nümunələrini muzeyin eksponatları sırasına daxil ediblər.

 

Direktor müavini muzeyin tarixi barədə də məlumat verib. Onun dediyinə görə, 1919-cu ilin avqustunda Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin təşəbbüsü ilə Dövlət Muzeyi yaradılıb. Muzeydə tarix, təbiət və mədəniyyət bölmələri fəaliyyət göstərib. 1927-ci ildə ləğv edilən həmin muzeydəki təbiət bölməsinin bazası əsasında sonradan 1937-ci ildə Təbiət Tarixi Muzeyi yaradılıb.

 

Ekspozisiyalarda ölkəmizin zəngin təbii sərvətləri yer alır. Onların arasında paleontoloji və təbii dəyişikliklər əsasında müxtəlif canlıların skeletləri və bitki örtüyünün qalıqları daha çoxdur. Muzey biologiya və geologiya bölmələrindən ibarətdir. Həmin bölmələr özləri də bir neçə şöbəyə bölünür.

 

Zəngin kolleksiyada bir neçə dövrü əhatə edən eksponatlara rast gəlmək olar. Poleozoy erasina aid mərcan poliplərindən tutmuş 45 min yaşı olan kərgədan skeletinə qədər müxtəlif nümunələr böyük maraq doğurur. Yalançı dişli quş da nadir tapıntılar arasındadır. Belə eksponatlar sırasında ölkəmizin şimal bölgəsindən tapılmış sarmat dövrünə aid heyvan qalıqları da var. Muzeyin maraq doğuran eksponatları içərisində müasir heyvanlardan kenquru, şir, at, zebra, ayı skeletləri də diqqət çəkir.

 

Minlərlə eksponatın qorunub saxlandığı muzeydə 60-a yaxın sürünən növü, 12 suda-quruda yaşayan canlı növünə rast gəlmək mümkündür. Ekspozisiyada 360-dan çox məməli heyvan və quş müqəvvası da yer alıb.

 

Direktor müavininin verdiyi məlumata görə, paleontologiya sahəsində aparılan tədqiqatların məzmunu, alınan nəticələr və toplanan nadir eksponatların əhəmiyyətinə görə Təbiət Tarixi Muzeyi bu profilli muzeylər arasında qabaqcıl yerlərdən birini tutur. Dünya şöhrətli Binəqədi dördüncü dövr faunası, Eldar düzənliyində aşkar edilmiş sarmat hipparion faunası, Pirəkəşkül kəndi ətrafında toplanılmış onurğalıların yeni cinsləri, həqiqi suitilər fəsiləsinin yaranması haqqında yeni fərziyə, Azıx paleolit düşərgəsi materiallarının öyrənilməsi və bir çox başqa mövzular muzeyin elmi əməkdaşlarının tədqiqatları arasında mühüm yer tutur.

 

Ölkəmizin ərazisində aparılan qazıntılar nəticəsində tapılan sümüklərin əksəriyyəti muzeydə nümayiş etdirilir və öyrənilir. Binəqədi qır gölündən toplanan kolleksiya içərisində 113 növ məməli, 112 quş, 2 sürünən, 1 suda-quruda yaşayan, 120 həşərat, 22 bitki qalıqları yüksək elmi dəqiqliklə öyrənilib. Sümüklərin təsviri müxtəlif nəşriyyatlarda monoqrafiya, elmi məqalə şəklində dərc olunub. Binəqədi onurğalı fauna qalıqları kolleksiyasının əksər hissəsi muzeyin müvafiq vitrinlərində nümayiş etdirilir. Burada tapılmış skeletlər üzərində aparılan tədqiqatlar göstərir ki, xırda gəmiricilərin sümüklərinin bir hissəsi yağış və sel nəticəsində yerlərini dəyişib. Kolleksiyada dovşanlar, dəniz kirpiləri, yereşən, siçan kimi xırda gəmiricilərin qalıqları toplanıb. Müqəvva və skeletlər, quşların yuvaları və yumurtaları da böyük maraq doğurur.

 

Binəqədi dördüncü dövr fauna və florası ən məşhur tədqiqat obyektidir. Onu yalnız ABŞ-ın Kaliforniya ştatındakı Ranco La Brea ilə müqayisə etmək olar. Lakin Binəqədi qır gölündə aşkar edilən fauna və flora nümunələrinin yaşı ondan xeyli üstündür. Ranço La Breadakı eksponatların maksimal yaşı 15 mindən başlayır, buradakı eksponatların arasında isə 40 mindən 120 minədək yaşı olanlar var.

 

Təbiət Tarixi Muzeyindəki hər bir fauna və flora nümunəsi öz dövrünün şahibidir. Zooloji şöbədə Azərbaycanın müasir və geoloji keçmişdə yaşamış onurğasız və onurğalı heyvanların bərpa edilmiş skelet və müqəvvaları, formalin və spirt məhlulunda saxlanılan cəsədləri nümayiş etdirilir. Muzeyin divarlarında Azərbaycanın zəngin təbiətini əks etdirən yağlı boyalarla işlənmiş şəkillər asılıb.

 

Muzeyin geoloji şöbəsində yerləşən 13 vitrində respublikamızda məlum olan filiz və qeyri-filiz yataqlarından toplanılmış porfirit, bazalt, travertine, mərmər, perlit, dolomit, barit, hemotit, mis, kvars, sidorit kimi 83 adda süxur və mineral nümunəsi nümayiş etdirilir.

 

Muzeyin qarşısında duran əsas məsələlərdən biri məktəbliləri, tələbələri, ziyalıları ölkəmizin təbii sərvətləri, fauna və florası ilə tanış etmək, onlara maddi-mənəvi sərvətlərimizin qorunmasının təşkili, ekologiya məsələlərinə aid tövsiyə verməkdən ibarətdir.