İslam Səfərli. Səhər

Baxıb sübhün gül üzünə,
Durub çıxdım mil düzünə.
Gördüm çöllər nemətlidir.
- Var ol! - dedim şən Vətənə.
Yurdum dedi: - Bu təntənə
Övladımın qüdrətidir.
Günəş zərli çələng hördü.
Şair könlüm onu gördü,
Qalxdı bir söz desin ona,
Günəş bu vaxt gülə-gülə
Cavab verdi şadlıq ilə:
- Bu töhfəmdir el oğluna!..
Gəzdim vətən gülzarını,
Öpüb gülün rüxsarını,
Dedim: - Sənə vurulmuşam.
Gül dedi ki: - Şair oğlan,
Sənə bu şeh damlasından
Bir piyalə doldurmuşam!..
Hara baxdım, əmək coşdu,
Fərəhlənib ürək coşdu.
Dedim: - Alqış el adına!
Gümüş donlu, gen tarlalar
Dedi: - Ölməz eşqimiz var,
Azərbaycan övladına!..