Görkəmli şəxsiyyətlər

Səttarxan

20-ci yüzilliyin əvvəllərində Təbrizdə üsyan qalxmışdı. Xalq konstitusiya qəbul olunmasını tələb edirdi. Ölkə, əslində, işğal altında idi. Xarici ölkələrdən yarımasılı vəziyyətdə idi.

 

Dövlətin təpədən-dırnağa qədər silahlanmış qoşunu Təbrizə yeridi. Təbrizin igidləri — fədailər 40 minlik şah qoşunu ilə ölüm-dirim mübarizəsinə qalxmışdılar. Bu, xalqın azadlıq mübarizəsi idi.

 

Hər cür silahlara malik olan və çox güclü silahlanmış şah qoşunları əvvəlcə üstünlüyü ələ ala bildilər. Şəhərin hər yerində ağ bayraqlar qaldırılmağa başlanmışdı.

 

Bircə Təbrizin Əmirəqız məhəlləsində hələ də qızğın döyüşlər gedirdi. Bu döyüşlərə Səttarxan başçılıq edirdi. Üsyançılar silahlı şah qoşunlarına qarşı ölüm-dirim mübarizəsində qəhrəmancasına vuruşur, təslim olmağı ağıllarına belə gətirmirdilər.

 

Əhali heyrətə gəlmişdi: böyük bir qoşun 50—60 nəfər fədaiyə qarşı hücumda heç bir nəticə əldə edə bilmirdi. Fədailər nəinki özlərini müdafiə edə bildilər, hətta Səttarxanın başçılıq etdiyi 17 fədai başqa bir qəhrəmanlıq da göstərdi: onlar Əmirəqız məhəlləsindən başlayaraq şəhərin mərkəzinə qədər bütün küçələrdə damların və darvazaların üzərindən asılmış ağ bayraqları güllə ilə vurub saldılar. Bu gözlənilməz hadisədən əhali həm heyrətə gəldi, həm də ruhlandı. Səttarxanın dəstəsinin vurub saldığı ağ bayraqlar əvəzinə, qırmızı bayraqlar qaldırıldı. Qırmızı bayraqları görüb ruhlanmış adamlar meydana toplaşdılar. Şah qoşunlarını şəhərdən qovub çıxarmaq qərara alındı.

 

Bu vuruşmalarda göstərdikləri igidlikləri ilə seçilən Səttarxan, Bağır xan və başqaları üsyanın rəhbərləri oldular. Bu rəhbərlər içərisində Səttarxan və Bağır xan xüsusilə şöhrətlənmişdilər. Səttarxanı «Sərdari milli» (millətin başçısı), Bağır xanı isə «Salari milli» (millətin sərkərdəsi) adlandırmağa başladılar. Üsyançıların hərbi qüvvələrini nizama salmaq və möhkəmləndirmək üçün hərbi şura yaradıldı. Şuraya Səttarxan və Bağır xan başçılıq edirdilər.

 

Təbriz alınmaz qalaya çevrilmişdi. Bunu görən şah özünün, az qala, bütün hərbi qüvvələrini Təbrizə yeritdi.

 

1909-cu ilin əvvəllərində şah qoşunları Təbrizi mühasirəyə aldı. Təbrizlilər qəhrəmanlıqla vuruşurdular. Qadınlar da kişilərlə bir yerdə döyüşürdülər.

 

Bir il keçdikdən sonra şah hökumətinin dəvəti ilə Səttarxan və Bağır xan 100 nəfərlik fədai dəstəsi ilə Tehrana gəldi.

 

Hökumət xalqdan qorxaraq açıq vuruşma yolu ilə onu tərk-silah etməyə cəsarət göstərmədi. Buna görə də onlar hiyləyə əl atdılar. Gecəyarısı yuxuda olan Səttarxan və fədailər üzərinə basqın etdilər. Döyüş zamanı Səttarxan ağır yaralandı.

 

Xalqımızın azadlığı uğrunda mübarizə aparan şanlı qəhrəmanlar sırasında Səttarxan xüsusi yer tutur. Xalqımız Səttarxana dastan və nəğmələr qoşmuşdur. Onun şərəfinə bədii əsərlər — roman və şeirlər yazılmışdır. Təbrizdə Səttarxana abidə qoyulmuşdur. Şəhərin küçələrindən birinə onun adı verilmişdir. Səttarxanın əziz xatirəsi, yenilməz mübarizə ruhu xalqımızın qəlbində əbədi yaşayır. Azərbaycan xalqı və müqəddəs Vətənimiz yaşadıqca onun adı iftixarla yad ediləcək.