Bu maraqlıdır!

Manu Milli Parkı

Manu Milli Parkı (isp. Parque Nacional del Manu) — Perunun cənub-şərqində, Amazon hövzəsində, Kusko şəhərindən təxminən 160 km şimalda və Puerto Maldonado şəhərinin 280 km qərbində yerləşən biosfer qoruqdur. 1973-cü ildə bu ərazilər milli park elan edilib. 1977-ci ildə milli park biosfer qoruğu, 1987-ci ildə Ümumdünya irsi statusu alıb. Perunun ən böyük milli parkıdır, sahəsi 15.328 km2-dir. 


Milli parkı çox vaxt “Perunun təbii sığınacağı” adlandırılır. Manu ölkənin ən böyük qorunan qoruğu hesab olunur. Onun bioloji müxtəlifliyinin planetdə analoqu yoxdur.


Milli park 150-4200 metr hündürlüyündə olan ərazilərdə yerləşən Amazon meşələrini və Peru yunqalarını əhatə edir. Biomüxtəliflilik həddən artıq zəngindir. Manu Milli Parkında ümumilikdə 20.000 bitki növü qeydə alınıb, sadəcə 1 hektar ərazidə 250 növ ağac tapılıb. Buraya bütün dünyadan quş müşahidəçiləri gəlməkdədir. İndiyədək burada 1000-dən artıq quş növü müşahidə edilib. Bu isə bütün ABŞ və Kanada ərazisində tapılan quş növlərinin sayından çoxdur.


Parkın ərazisinin əksəriyyəti yerli tayfaların ərazisidir. Milli parkda həmişəlik yaşayan yeganə xalq Maçiqenqa tayfasıdır. Onların yaşayış məskənləri Manu çayı və onun qolları boyunca yerləşir. Milli parka bitişik bəzi bölgələrdə əkinçilik, turizm, ovçuluq, ağackəsmə kimi fəaliyyətlərə icazə verilir. Bu bölgələr milli parkla sərhəddə olsalar da, onun bir hissəsi deyillər.


Milli parkda INRENA-nın dəstəyi ilə tədqiqat işləri də aparılır. Duke Universitetindən olan ekoloq Con Terborq tərəfindən idarə olunan Koça Kaşu Bioloji Stansiyası milli parkda ən böyük tədqiqat mərkəzidir. Madre de Dios çayı boyunca, milli parkın cənub-şərqində Mədəni Zona yerləşir və burada da Manu Təlim Mərkəzi var.


Burada 20.000 bitki növü qeydə alınıb. Ərazisinin 40 %-i Amazon ovalığında yerləşir. Burada ekvatorial meşələr, varzealar, göllər, bataqlıqlar var.


Manu Milli Parkı zəngin faunaya sahibdir. Meşələrində yaquar, puma, oselot, su samuru, böyük qarışqayeyən, cənub tamanduası, böyük armadillo, doqquz bantlı armadillo, qəhvəyi boğazlı tənbəl, Hofman ikibarmaqlı tənbəl, düzənlik tapiri, kapibara, pakarana, paka, yaxalı pekari, ağ dodaqlı pekari və mazama amerikana, mazama nemorivaga kimi bir neçə maral növü yaşayır. Bataqlıq maralının da burada yaşadığı qeydə alınıb. 14 meymun növü tapılıb. Bunlara Qoldi ipək meymunu, cücə ipək meymunu, ağ sifətli kapuçin, kəkilli kapuçin, qəhvəyi xəzli tamarin, imperator tamarini, bığlı tamarin, qara papaqlı dələ meymunu, qarabaş gecə meymunu, qəhvəyi titi, Rio Tapaxis sakisi, Boliviya qırmızı uluyanı, Peru hörümçək meymunu, boz yunlu meymun aiddir. Dağlıq zonalarda ağquyruq maral, mazama çunyi, And tülküsü, dağ pakası, eynəkli ayı yaşayır. 3450 metr hündürlükdə pumalar məskunlaşıb.


1982-ci ildə Ted Parker və Skot Robinson burada quş növlərinin sayına görə dünya rekordunu təyin ediblər. Onlar qoruq ərazisində bir gün ərzində 331 müxtəlif quş növü qeydə alıblar.