Bu maraqlıdır!

Bartolomey Diaşın ekspedisiyası

1487-ci ilin avqustunda dənizə çıxmış Bartolomey Diaşın ekspedisiyasının qarşısına qoyulan məqsəd Afrika qitəsinin cənub sahillərindən dolanaraq Hindistana yol tapmaqdan ibarət idi. Onun donanması iki kiçik karavella və içərisi ərzaq və digər təmir üçün lazım olan avadanlıqlarla dolu yük gəmilərindən ibarət idi. Lissabondan üzməyə başladıqdan dörd ay sonra Diaş, Kan tərəfindən qoyulmuş axırıncı padrana çatdı və cənuba doğru hərəkəti davam etdirdi. Başlanmış tufan gəmiləri uzaqlara, açıq okeana apardı, sahil gözdən itdi. Tufan sakitləşdikdən sonra Diaş hesab edirdi ki, materik əvvəlki tək şimaldan cənuba uzanır və şərqə doğru üzməyi əmr etdi ki, yenidən sahilə yaxınlaşsın. Bir neçə gün keçməsinə baxmayaraq torpaq görünmürdü. Bu zaman Diaş şimala doğru istiqamət aldı və tezliklə üfüqdə dağlar göründü. Görünür ki, tufan zamanı gəmilər sahil xəttinin döndüyünü hiss etməmişdilər. Sonra şərqə dönərək, az qala, materiki cənubdan dolanmışdılar. Lakin yük gəmiləri tufan zamanı geri qalmışdı, buna görə də karavellaları zəruri təmir etmək imkanı olmadı. Məhrumiyyətdən yorulmuş ekipajın qiyam təhlükəsi var idi, onlar təcili olaraq geriyə, vətənə qayıtmağı tələb edirdilər.


Bu tələbi qəbul etməyə məcbur olan Diaş, komandanı razılaşdırdı ki, donanma iki gün də bu istiqamətdə üzəcək və sonra geriyə dönəcək. Dənizçilərin gözü qarşısında Hind okeanı açıldı. Sahilə padran qoyuldu və Diaş ürək ağrısı ilə geri döndü. Qısa vaxt ərzində dənizçiləri öz vüqarlı gözəlliyi ilə heyran edən burun kəşf olundu. Deyilənə görə, Diaş onu Tufanlı adlandırmışdır. Amma bunun arxasında başqa bir ad - Ümid burnu adı möhkəmlənmişdi. Ümid ondan ibarət idi ki, Hindistana dəniz yolu tezliklə açılacaq. 1488-ci ildə gəmilər Lissabona qayıtdı. Hindistana Afrika ətrafından yolun tapılması ilə əlaqədar həlledici yürüşə mükəmməl hazırlaşaraq, kral II joan həm Diaşın gəmilərilə, həm də quru yolu ilə şərqə kəşfiyyatçılar göndərdi. Onlardan biri Peru di Kovilyan özünü tacir kimi göstərərək Hindistana çatmış və sonra bu ölkə haqqında topladığı materialları krala göndərmişdi. Geri dönərkən o, Həbəşistana keçmiş və həmişəlik orada qalmağa məcbur olmuş, ömrünün sonuna kimi həbəş kralının fəxri əsiri olmuşdur. Kovilyanın Hindistana səfəri haqqında ətraflı hesabatdan Vasko da Qamanın ilk ekspedisiyasının təlimatının hazırlanmasında istifadə olunmuşdur.