Təbiət

Qnu Antilopu

Qnu Antilopu qeyri-adi bir görünüşə sahibdir. Onun xarici görünüşü öküzə bənzəyir. Afrika camışlarında olduğu kimi qnu antilopunun böyük başında iki əyri buynuzu var. Qnuların ağquyruq və göy qnu növləri daha çox tanınıb. Onların çəkiləri 270 kiloqrama qədər çatır. Onların gödək boyunları olur. At kimi güclü ayaqlara və uzun quyruqlara sahibdilər.


Yalnız Afrikada yaşayır, sonsuz savannalarda böyük sürüləri otlanır. Yaban çörək otları yeyir. Hamiləlik dövrü səkkiz ay çəkir. Onların bir, təsadüf hallarda iki balaları olur. Doğulduqdan bir neçə dəqiqə sonra balaları ayağa qalxıb analarının arxası ilə hərəkət edir. Qnular balalarını 7-8 ay südlə bəsləyirlər. Bir yaşından sonra qnular yetkinlik dövrünə çatır və çoxalmada iştirak edirlər.


Antiloplar üçün həyat daim qida və su axtarışı deməkdir, buna görə də fərqli ərazilərə köç edirlər. May ayı yaxınlaşdıqca Serenqetidə vadilər quruyur, otlar solur, qnu antilopları Masai Maradakı daha zəngin ot örtüyünün olduğu vadilərə, şimala doğru köç etməyə başlayırlar. Bəzi illər bir milyondan çox antilop Mara çayını keçərək Keniyanın Masai Mara bölgəsinin digər tərəfinə gedir. Qnu antilopları şərqdəki Nqoronqoro Krater dağlarından qərbdəki Viktoriya gölü sahillərinə və Keniyanın Mara şəhərinə qədər şimal əraziləri boyu irəliləyirlər. 30000 kvadrat kilometr olan bu sahə Serenqeti-Mara ekosistemi kimi tanınır. Bu canlılar hər il bu geniş sahədə 3000 kilometr köç edirlər. Antiloplar müəyyən bir yerdə zərər verəcək qədər uzun müddət qalmırlar. Bir yerdən başqa bir bölgəyə gedərkən də torpağı gübrələyərək zənginləşdirirlər.


Antilopların düşmənləri qorxunc kaftarlar, şirlər və leopardlardır.


Dişi qnu körpəsini yırtıcılardan qorumağa çalışır, lakin gecə vaxtı hücum olarsa bunu etmək çox çətin olur.


Qnu antilopuna zooparklarda rast gəlmək mümkündür.