Təbiət

Ulduz Burun köstəbək

Ulduz burun köstəbək (Condylura cristata) köstəbək fəsiləsinə aid məməli heyvandır. Şimali Amerika, Kanada, ABŞ-da bataqlıq və nəmli tarlalarda yayılıblar. Çox yaxşı üzmə qabiliyyəti olan bu məməlini digər köstəbək növlərindən fərqləndirmək çox asandır. Belə ki, bu  köstəbəyin burnunun ucunda simmetrik və halqa şəklində sıralanmış, çəhrayı rəngli və son dərəcə həssas 22 duyğu çıxıntısı var. Ulduza bənzəyən bu anatomik quruluşuna görə, ona ulduz burun köstəbək deyilir.


Ulduza bənzəyən bu duyğu çıxıntılarına elmdə Eymer orqanı deyilir. Eymer orqanında sinir toxumalarının sayı 25000-dən çoxdur. Halbuki, digər köstəbəklərdə bu rəqəm 2000-dir. Eymer orqanı o qədər həssasdır ki, hətta seysmik titrəşimləri belə mükkəmməl şəkildə hiss edir. Eymer orqanı ilk dəfə Avropa köstəbəyində, 1871-ci ildə zooloq Teador Eymer tərəfindən qeydə alınıb. Digər köstəbək növlərində də Eymer orqanı var. Lakin onlarda bu orqan, ulduz burun köstəbəkdə olduğu kimi xüsusi və çoxlu sayda deyil. Çünki bu köstəbək funksional olaraq kordur, burun vasitəsilə köstəbək öz qurbanının bədənindəki elektrik axınını hiss edir. Köstəbəyin beyni bir neçə metrdən ovun yeməli olub, olmadığını seçə bilir. Ulduz burun köstəbək su altında belə qoxuları hiss edə bilir. Bunun üçün o, obyektin üstünə hava qabarcıqları çıxarır, sonra isə burnu ilə o qabarcıqları geriyə içinə çəkərək, qabarcıqda olan qoxunu araşdırır və obyektin yemeli olub, olmadığını beləcə anlayır.

 

Eymer orqanının diametri 1 sm-dir. Bir ovuca sığacaq qədər kiçik olan bu heyvanın quyruğu da elə bədəni boydadır. Quyruğun uzunluğu təxminən 7-8 sm-dir. Görmə duyğusu çox zəifdir. Koloniyalar halında yaşayır. Sosial bir canlıdır.