Təbiət

Bəbir

Bəbir - pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növüdür. İncə və güclü bir bədənə sahib olan böyük pişikdir. Qədimdə belə hesab edirdilər ki, bəbir şir və panterin hibrididir. Onun yunan mənşəli leōn (şir) və pardos (erkək panter) sözlərinin birləşməsindən əmələ gəlmiş leōpardos (leopard) adında bu öz əksini tapmışdır.


Onun uzun, lakin tüklü quyruğu var. Zərif güclü ayaqları ona sürətli qaçmağa imkan verir. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək bəbirlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır. Bəbir sıçrayışının uzunluğuna (5–8 m) görə bir çox iri məməliləri geridə qoyur. Bəbirin xəzi qısa və sıxdır. Sarı və ya sarı kürən xəzində qara və qonur xallar səpələnmişdir. Bel, boyun və başının üstü rəngli, qarın və ayaqlarının iç tərəfi demək olar ki, ağdır. Quyruğu az tüklü olduğundan nazik görünür. Bəbirin xallı rəngi onu otların, kolların və ağacların yarpaqları arasında görünməz edir.


Bəbirin mükəmməl görmə və eşitmə qabiliyyəti var. Qoxu bilməsi də pis deyil. O, asanlıqla və sürətlə ağaclara dırmanır. Və yuxarıdan pusquda duraraq şikarını tutur. Ancaq gecə saatlarında daha tez-tez ov edir.


Şikarının qalıqlarını başqa yırtıcı heyvanlar aparmasın deyə ağacın zirvəsinə qaldırır. Bəbirlər bəzən ev heyvanlarında, hətta itlərə belə hücum edir. Ovu uğursuz olduqda isə siçan, kərtənkələ və hətta böcəkləri belə yeyir. Hər bir bəbirin öz ov etmə ərazisi var. Başqa bir heyvanın oraya gəlməməsi daha yaxşıdır: çağırılmayan qonağı acımasız bir təhlükə gözləyir. Bəbirlər tək yaşamağa üstünlük verirlər. Bu yırtıcı bir insana belə hücum edə bilər - hiyləgərlikdə hətta aslan və pələngdən də üstündür.


Yaşlı bəbir digər pişikkimilərin nümayəndələri kimi 30 dişə malikdir. Yuxarı və aşağı çənələrdə hərəsində 6 kəsici, 2 köpək; yuxarı çənədə 3 ön çeynəmə və ya kiçik azı dişlər, 1 arxa çeynəmə və ya böyük azı dişlər, aşağı çənədə isə 2 ön çeynəmə ya kiçik azı dişlər, 1 çeynəmə və ya böyük azı dişlər yerləşmişdir.