Bu maraqlıdır!

Bu nəhəng ilbizlər fotoşopa bənzəyir, lakin onlar həqiqidir

Bu nəhəng ilbizlərin fotoları bir neçə il əvvəl İnternetdə yayılanda istifadəçilərin çoxu onların həqiqi olduğuna inanmayıb. Axı şəkillərdə evdovşanı boyda ilbizlər təsvir olunub. Lakin bu, nə fotoşop, nə də fiqurdur. Bu ilbizlər həqiqətən mövcuddur və nəhəng Afrika torpaq ilbizləri adlanır.    


Onların iki növü var: “Achatina fulica”  (nəhəng Ahatina)  “Achatina achatina” (Ahatina ahatina).


Bu ilbizlərin uzunluğu adətən 5-10 santimetrdən çox olmur, lakin ayrı-ayrı fərdlərin uzunluğu 20 santimetri keçə bilər. Məhz bu nəhənglər heyrət və heyranlıq hissləri doğurur. 


Həmin ilbizlərə Afrikada çox vaxt Keniya və Tanzaniyada təsadüf olunur. Bəzən onları ev heyvanı kimi də saxlayırlar. İlbiz nə qədər çox böyüsə, bir o qədər qürurverici hesab olunur. Doğrudur, ABŞ-da və bir sıra digər ölkələrdə onların saxlanılması qeyri-qanunidir. 


Məsələ bundadır ki, Afrika ilbizləri isti ölkələr üçün əsl baş bəlasıdır, çünki ətraf mühitə asanlıqla uyğunlaşır, çoxalmağa başlayır və kənd təsərrüfatına ciddi ziyan vurur. Son illər ciddi karantin sayəsində onların dünyada yayılmasının qarşısı alınır.  


Afrika ilbizləri 500 növdən çox bitki ilə qidalanır. Onlar artıq Çin və Hindistanda yayılıblar.  Ötən əsrin 60-cı illərində ABŞ-da yayılmağa başlayıb. Yerli yırtıcılar onları ovlamır. Buna görə də ilbizlər rahatlıqla və sürətlə çoxalır.  Yeri gəlmişkən, Afrika ilbizi eyni zamanda həm ata, həm də ana ola bilir. Bir ilbiz hər il təqribən 1200 yumurta qoyur. Cavan ilbizlər çox sürətlə böyüyür. İlbizlər təbiətdə 5-6 il yaşayır, yaxşı ev şəraitində isə 10 ilə qədər yaşaya bilər.