Şeirlər

Teymur Elçin. “Turacın laylası”

Turaca bax, turaca bax,
Dalınca bir ovçu düşüb
Onu görsə, vuracaq.
Kola girdi ana turac.
Dedi: - Tez ol, mənə yol aç,
mənə yol aç!
Dalımca bir ovçu gəlir,
Məni görsə, vuracaq.
Turac qaçdı koldan-kola,
Meşəlikdə gözdən itdi.
Çox axtardı ovçu onu
Gün batanda çıxıb getdi.
 
Qara çadır qurdu meşə,
Ulduzları bircə-bircə
Bu çadırdan asdı gecə.
Yuvasına gəldi turac.
Balaları gözləyirdi
yuxusuz, ac.
Cücələri yığdı ana
Qanadları altına.
Başladı laylasına:
-Yatın, yatın, cücələr.
Səs salmayın gecələr.
Kəsin cikkiltinizi,
Tapar tülkülər sizi.
Əgər sizi güdsələr,
Bircə-bircə tutsalar,
Tükünüzü didsələr,
Onda mən neylərəm bəs?
Bizim bu meşəlikdə
Gəlməz köməyə heç kəs.
Tez yatın, salmayın səs.