Şeirlər

Abdulla Şaiq. “Layla”

Layla deyim, yat ciyərim parası,
Ağlama çox, ey gözümün qarası!
Olma yemək-içməyin avarası,
Layla quzum, layla gözüm, yatgilən.
Rahat olub bir azca boy atgilən.
Böyü bir az, yeddi yaşa yetgilən,
Səhər tezdən dur, məktəbə getgilən;
Dərs oxuyub yazmağa sə‘y etgilən;
Layla quzum, layla gözüm, yatgilən,
Rahat olub bir azca boy atgilən.
Təmiz geyib dolangilən gül kimi,
Hər gün oxu dərsini bülbül kimi;
Gəzmə küçələrdə gedib veyl kimi;
Layla quzum, layla gözüm, yatgilən.
Rahat olub bir azca boy atgilən.
Sən də çalış elm ilə şöhrət qazan,
Qalma cəhalətdə, olarsan yaman;
Elmlə abad olubdur cahan;
Layla quzum, layla gözüm, yatgilən.
Rahat olub bir azca boy atgilən.