Şeirlər

Süleyman Rüstəm. "Çiçəklər aləmində"

Çiçək mağazasının keçərkən qarşısından
Fikirlər dəryasına qərq oluram hər zaman.
Canlanır həyat, ölüm, gözlərimin önündə,
Düşünürdüm dünən də, düşünürəm bu gün də.


Budur, bir yanda güllər gülümsər vazalarda,
Bir tərəfdəysə solğun güllərdən xeyli əklil.
Düyünlə yas bir yerdə rastlaşır hər baharda,
Bağçalarda çiçəklər bununçünmü əkilir!

 


Düşünürəm: - Nədir bu ağ və qara təzadlar,
Bir-birinin üstünə qılınc çəkən bu adlar.
Bəli, heyatla çoxdan qanlı-bıçaqdır ölüm,
İnsan göz aça bilmir nə qədur sağdır ölüm.


Kim deyir ki, barışar həyat ölümlə bir gün,
Heç yaşarmı baş-başa bir ocaqda yas-düyün?!
Yox, yox, həyat ömürdən silməlidir ölümü...
Həyat, sənə köməkçin uzadıram əlimi.


Gəl düşünək bəşərin düyününü, yasını,
Ölümlər kitabının dəyişək mənasını.
Biri ölüm, biri toy, biri şənlik, biri yas!
Duz-çörək kəsərmi heç bir süfrədə qışla, yaz?!


Düyünü olanların, əzizi ölənlərin,
Bir görüş məclisidir bu çiçək mağazası.
Gözləri yaşlıların, ürəkdən gülənlərin
Varlığını əks edən bir aynadır burası.


Biri gəlir silərək gözlərinin yaşını,
Deyir: - ölən yarımçın böyük əklil gərəkdir.
Biri gəlir, fərəhlə oynadıb göz-qaşını
Deyir: - toya gedirəm bir dəstə gül gərəkdir.


Biri gəlir ondamı ipəkdə həm atlasda,
Yəqin rəfiqəsinin ad günüdür bu axşam.
Biri gəlir qapqara matəm rəngli libasda,
Bəlkə gecə yandırıb bir ölü üstündə şam.


Üzür mavi sularda birinin ağ yelkəni,
Birinəsə dağ çəkib ölüm adlı düşməni.
Buraya kimlər gəlir,
Qoy deyim sizə bir-bir

Birinin oğlu ölüb, birinin oğlu olub,
Birinin ürəyinə iki dünya qəm dolub.
Birininsə sevinci aşıb daşır başından,
Hələ qəmlə üz-üzə gəlməmişdir yaşından.


Payızdır, qışdır bahar birinin gözlərində,
Nəğməli quşdur bahar birinin gözlərində.
Birinin xatirindən çıxıb rəngi güllərin,
Biri güllərdən alır ətrini bu günlərin.


Gecə gündüzə dönüb birinin gözlərində,
Elə bil günəş sönüb birinin gözlərində.
Birinin elə bil ki, kül töküblər başına,
Birinin ətək-ətək gül töküblər başına.

 


Biri dağı dağıdar dağa vursa dərdini,
Biri hələ dadmayıb ayrılıq şərbətini.
Yığılıb güldəstələr budur üst-üstə çin-çin,
Həm dünyaya gələnçin, həm dünyadan gedənçin.


Dodaqlara köçəcək bir gül dəstənin ətri,
Torpaqlara köçəcək bir gül dəstənin ətri.
Tapılmaz bu ocağa yolu düşməyən adam,
Elə güman etməyin bu məkana mən yadam.


Bu yerə baş çəkməyi özümə borc bilmişəm,
Bəli, bir gün qəlbi şad, bir gün qəmli gəlmişəm.
Burda başqa, başqadır mənası çiçəklərin,
Dünyası çiçəklərin.


İki aləm görüşür çiçək mağazasında,
Sevinclə qəm görüşür çiçək mağazasında.
Yığılıb güldəstələr budur üst-üstə, çin-çin,
Həm dünyaya gələnçin, həm dünyadan gedənçin.


Siz ey məni ürəkdən sevən dostum, tanışım,
Nə olar ki, dinləyin, bir qədər də danışım,
Bəli, bir gün mənim də yumulacaq gözlərim,
Ürəyimdə qalacaq deyilməmiş sözlərim.


Mənə hörmət naminə,
Ya məhəbbət naminə
Əklil üçün gedərkən çiçək mağazasına,
Sizdən bir xahişim var, üzünüz gülər olsun.


Mən razı olmaram ki, gözünüz yaşla dolsun,
Qara geyib gəlməyin dostunuzun yasına...
Danışmayaq örtülü,
Məni sanmayın ölü.


Könlüm halallaşarkən, dostuyla, sirdaşıyla,
İslatmayın qəbrimin daşını göz yaşıyla.
Durmayın aciz kimi önündə təzadların,
Qarşısına sədd çəkin, yanıqlı fəryadların,


Qəlbiniz bu mənalı aləmdən ayrılmasın,
Yazıb pozan əliniz qələmdən ayrılmasın.
Görün nə hikmətdir bu,
Böyük həqiqətdir bu -
Bu gün ölən dühanın ölməyən hər əməli -
Sabah gələn birinin damağında gül açır.
 

Çünki belə yoğrulub təbiətin təməli,
Gedənlər gələnlərin davamında dil açır.
Yəqin bir gün qalxacaq mənim də torpağımdan
Bir addımlıq bağımdan
Əlvan güllər, çiçəklər,
Min-min gözəl diləklər.


Bəli, diriləcəyəm, bi gün bu görkəmdə mən,
Öz torpaq ölkəmdə mən.
Onda məni də başqa güllərə qatacaqlar,
Bir güldəstə, bir əklil şəklində satacaqlar.


Gah şənlikdə, gah yasda olacağam yenə mən,
Demək doğulacağam, solacağam yenə mən.
Ömrüm davam edəcək bu şəkildə, bu sayaq
İnsan torpağa dayaq, torpaq insana dayaq.


Çiçək mağazasında düşünürəm bayaqdan,
Nə çıxar göz yaşından, nə çıxar ağlamaqdan.
Budur, bir yanda güllər gülümsər vazalarda,
Bir tərəfdəysə solğun güllərdən xeyli əklil.


Düyünlə yas bu yerdə rastlaşır hər baharda,
Bağçalarda çiçəklər bununçunmu əkilir?!
Mən ölümdən qorxmuram,
Həyatla sazdır aram.


Yetər lovğalandığın axmaqdan axmaq ölüm,
Gəl, gözümün içinə bir də yaxşı bax, ölüm,
Adını lüğətimdən pozmuşam öz əlimlə,
Danışıram səninlə açıq şair dilimlə.


Sənə həyat adından verirəm acıq, ölüm,
Çünki ölmək sırası sənindir artıq, ölüm.
Gedəndən çoxdur gələn, dünyamız boşalmayır,
Zərrəcə qocalmayır.


Həyata bəzək bizik,
Can bizik, ürək bizik.
Biz vardıq, varıq yenə, əbədiyik dünyada,
Torpağın üstündə də, torpağın altında da.
Biz insanıq, ömrümüz ölümdən çoxdur, ölüm,
Anam torpağa bağlı insana yoxdur ölüm!