Görkəmli şəxsiyyətlər

Reyhan Yusifqızı (Şıxlinskaya)

Azərbaycan yazıçısı, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Reyhan Yusifqızı (Şıxlinskaya) 1965-ci il noyabrın 13-də anadan olub. 


1972-1982-ci illərdə Bakı şəhəri 5 saylı orta məktəbdə və 20 saylı musiqi məktəbinin fortepiano sinfində oxuyub. 1982-ci ildə Bakl Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə daxil olub, 1987-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirərək Milli Elmlər Akademiyasının Kibernetika institutuna təyinat alib.
1990-cı ildə Bakı Dövlət Universitetində işləməyə başlayıb.


R.Şıxlinskaya 2007-ci ildə namizədlik dissertasiyası müdafiə edərək  f.-r.e.n. alimlik dərəcəsi alıb.  60-dan çox məqalə və tezisin, həmçinin, riyaziyyat sahəsində üç kitabın müəllifidir. "Zadə irsi və süni intellekt" Assosiasiyasının üzvüdür, Soft Kompüting nəzəriyyələrini tədris edir.


Bir sıra elmi konfransların təşkilat komitəsinin üzvü və ya iştirakçısı olub, seminar və işçi görüşlərdə məruzələrlə çıxış edib. Məqalələri nüfuzlu jurnallarda nəşr olunub.


R.Şıxlinskaya 2010-cu ildə elmi məruzələr etmək üçün Nant universitetinə (Fransa) dəvət olunub və orada elmi müzakirələr aparıb. Elmin İnkişafı fondunun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə yerinə yetirilən bir neçə layihənin rəhbəri və ya aparıcı işçisi olub və layihələri uğurla başa çatdırib. Mütəmadi olaraq tətbiqi riyaziyyat fakültəsində dərslər aparır, qeyri-müəyyənliklərlə bağlı yeni nəzəriyyələri – Soft Kompüting nəzəriyyələrini tədris edir. O, tələbələr, maqistr və aspirantlar üçün elmi seminarlar təşkil edərək, onlara elmi işlərində məsləhət və tövsiyələr verir.


R.Şıxlinskaya 1995-ci ildən bədii yaradıcılıqla məşguldur. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yüzdən çox povest və hekayənin, nağıl və poemanın, elmi-kütləvi kitablar seriyasının müəllifidir. Daha çox uşaq yazıçısı kimi tanınır. Orta məktəb dərsliklərində bir sıra əsərləri tədris edilir. Mütəmadi olaraq məktəblərdə görüşlər, kitab evlərində təqdimat və imza günləri keçirir.


Reyhan Yusifqızı Azərbaycan uşaq ədəbiyyatında intellektual prozanın parlaq nümunələrini yaradıb. Elmi-fantastik trilogiyanın müəllifidir.