Xəbərlər

18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.


Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.


Tarixi abidələr – məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. tarixi keçmişimizin maddi yadigarlarıdır. Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışlar. Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür. Bu sahədə ölkəmizin bəxti gətirmişdir.

 

Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Buğurd, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə xatın, Yusif ibn Küseyr, Olcaytu Xudabəndə məqbərələrimiz, Göy məscid, Şah Abbas məscidi, Gövhərağa məscidi, Cümə məscidi, Təzəpir məscidi kimi dini ibadətgahlarımız, Həşt behişt, Şirvanşahlar, İrəvan sərdar sarayı, Şəki xan sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndirlər. Hazırda işğal altında olan dünya əhəmiyyətli mədəni-tarixi abidələrimiz – Azıx və Tağlar mağaraları dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. YUNESKO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış maddi mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilmişdi. Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında imzalanmış “Mədəni irsin qorunmasına yardım haqqında” sazişə uyğun olaraq, Bakıda Şirvanşahlar saray-kompleksində, Naxçıvanda Möminə Xatın və Qarabağlar türbələrində, Şəki Xan sarayında bərpa və yenidənqurma işləri aparılmışdır.

 

2002-ci ildə respublikamız Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunmuşdur. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi və Qız qalası da daxil olmaqla, İçərişəhər Dövlət Tarixi-Memarlıq Kompleksi YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına daxil edilmişdir.