Bu maraqlıdır!

Epidaurus teatrı

Qədim Epidaurus teatrı yunan şəhəri Epidaurusda, qədim Yunan mifologiyasına görə təbib, təbabət tanrısı olan Asklepiyə həsr edilmiş müqəddəs yerin cənub-şərq hissəsində yerləşir. O, Cynortion dağının ətəyində tikilib. Epidaurus tetrı akustika və estetikasına görə günümüzə qədər gələn ən yaxşı antik qədim yunan teatrı sayılır. Liviyalı səyyah və coğrafiyaçı Pavsaniyə görə, bu teatrın memarı Polikleitosdur.

İlk dəfə, təbabət tanrısı Asklepiyin şərəfinə istifadə edildiyi düşünülür. 13000-14000 tamaşaçı tutumuna sahib bu teatrda Asklepiyin sitayiş mərasimlərinə daxil olan musiqi, mahnı və dramatik oyunlar keçirilirdi. Teatr həmçinin xəstələrə şəfa vermək məqsədilə də istifadə edilirdi. Çünki, o dövrdə olan inanclara görə, dramatik tamaşalar insanların əqli və fiziki sağlamlığına müsbət təsir göstərirdi. Bu gün abidə qədim dram əsərlərinin ifası üçün istifadə olunur. Həmçinin bura turist axını da çoxdur.


Teatrda ifa edilən ilk müasir dram, yunan dramaturqu Sofoklun “Elektra və ya Elekta” faciəsi idi. Baş rollarda Katina Paxinou, Eleni Papadaki və rejjisoru Dimitris Rontiris olan faciə 1938-ci ildə ifa edilib. İkinci dünya müharibəsi zamanı istifadəsi dayandırılan teatr, təşkil edilən festival çərçivəsində nümayişini 1954-cü ildə yenidən başlatdı. 1955-ci ildə qədim teatrın təqdimatı üçün illik tədbir planı yaradıldı. Epidaurus Festivalı bu gün də davam edir və yay aylarında həyata keçirilir. Abidə, auditoriya, orkestr və səhnə tikintisinə görə Ellinizm, Hellinizm dövrü teatrlarının xarakterik üçtərəfli quruluşunu saxlayır.


Teatrın bədii binası iki mərhələdə qurulub: Birincisi e.ə. IV əsrin sonlarında, ikincisi e.ə. II əsrin ortalarında.


Auditoriya vertikal olaraq iki qeyri-bərabər hissəyə bölünür:  alt boşluq və ya teatr və üst teatr və ya epiteatr. İki alt-bölüm tamaşaçıların hərəkəti üçün eni 1.82 m olan üfüqi bir dəhliz ilə ayrılır. Auditoriyanın aşağı bölməsi 12 hissəyə, üst bölməsi isə 22 bölməyə bölünür. Auditoriyanın üst və alt hissəsinin ön sıraları mühüm insanlar üçün saxlanılırdı. Auditoriyanın dizaynı unikaldır və işarətlənmiş üç mərkəzə əsaslanır. Bu xüsusi dizayn sayəsində arxitektorlar həm optimal akustika, həm də daha yaxşı baxış imkanı verən yerə nail olmuşlar. 20 m diametri olan dairəvi orkestr teatrın mərkəzini təşkil edir.


Epidaurus teatrı arxeoloq Panayis Kavvadiasın rəhbərliyi altında 1881-ci ildə qazıntılar zamanı tapılıb və restavrasiya sayəsində günümüzə qədər çox yaxşı vəziyyətdə gəlib çıxıb. Edilən işlər sayəsində, səhnə binası istisna olmaqla, teatr tamamilə orijinal formada bərpa edilib.