Nağıllar, hekayələr

Yunan nağılı. Xoruz və toyuq

Bir gün xoruz və toyuq dadlı çərəz yemək üçün meşəyə yollandılar. Yolda xoruz toyuğa dedi:

 

- Nə tapsaq yarı-yarıya bölüşərik.

 

- Əlbətdə, - toyuq razılaşdı.

 

Tezliklə toyuq bir qoz tapdı və yarıya böldü. Birini xoruza verdi, digərini isə özü üçün saxladı. Xoruz olduqca acgöz idi, cəld öz payını yedi və, toyuq başqa yana baxan kimi, onun payını da uddu. Ancaq qoz parçası onun boğazında ilişib qaldı. Xoruz toyuğa səsləndi:

 

- Tez mənə su gətir, əks halda öləcəm!

 

Toyuq su üçün quyuya tərəf qaçdı:

 

- Quyu, quyu! Xahiş edirəm, xoruz üçün su ver, boğazında qoz ilişib qalıb, əks halda öləcək.

 

Quyu cavab verdi:

 

- Mənə dərzidən parça gətirsən, sənə su verərəm.

 

Toyuq dərzinin yanına qaçdı:

 

- Dərzi, dərzi! Xahiş edirəm quyu üçün bir parça ver, o da mənə xoruz üçün su verəcək, əks halda xoruz boğulub öləcək.

 

Dərzi cavab verdi:

 

- Mənə çəkməçidən bir cüt çəkmə gətirsən sənə parça verərəm.

 

Toyuq çəkməçinin yanına qaçdı:

 

- Çəkməçi, çəkməçi! Xahiş edirəm mənə dərzi üçün bir cüt çəkmə ver, dərzi əvəzində quyu üçün dəsmal, quyu isə xoruz üçün mənə su verəcəkdir, əks halda xoruz boğulub öləcək.

 

Çəkməçi cavab verdi:

 

- Mənə donuz tükü gətir, sənə çəkmə verim.

 

Toyuq donuzun yanına qaçdı:

 

- Donuz, donuz! Xahiş edirəm mənə çəkmə tikmək üçün bir az tük ver, aparıb verim çəkməçiyə, o da mənə dərzi üçün bir cüt çəkmə, dərzi isə quyu üçün parça verəcəkdir. Parçanı quyuya aparacam, əvəzində mənə xoruzun boğazında ilişib qalan qozu düşürmək üçün su verəcək.

 

- Aşpazdan mənə bir az yemək qalığı gətirsən sənə tük verərəm.

 

Toyuq aşpazın yanına qaçdı:

 

- Aşpaz, aşpaz! Xahiş edirəm mənə donuz üçün yemək qalığı ver, əvəzində donuz mənə çəkməçi üçün ip, çəkməçi çəkmə, dərzi parça, quyu isə mənə xoruz üçün su verəcək, əks halda xoruz boğulub ölə bilər.

 

- Mənə inəkdən süd gətirsən sənə bir az yemək qalığı verərəm.

 

Toyuq inəyə tərəf qaçdı:

 

- İnək, inək! Xahiş edirəm mənə bir az süd ver, aşpaza aparacam, əvəzində aşpaz mənə donuz üçün yemək qalığı, donuz isə ip, çəkməçi çəkmə, dərzi parça verəcəkdir. Parçanı quyuya aparmalıyam ki, xoruz üçün mənə su versin, çünki qoz xoruzun boğazında ilişib qalıb, əks halda öləcək.

 

- Mənə tarlafan təzə ot gətirsən, sənə süd verərəm.

 

Toyuq tarlaya tərəf qaçdı:

 

- Tarla, tarla! Xahiş edirəm inək üçün bir az ot ver, mənə bir az süd verəcək, mən aşpaza aparacam, aşpaz donuz üçün yemək, donuz çəkməçi üçün ip, çəkməçi dərzi üçün çəkmə, dərzi quyu üçün parça, quyu isə xoruza içmək üçün su verəcək.

 

- Əgər göydən yağış gətirsən, sənə ot verərəm.

 

Toyuq başını göyə  qaldırıb qışqırdı:

 

- Ey səma, ey səma! Xahiş edirəm çəmənlik üçün yağış ver, mənə inək üçün ot verəcək, inək aşpaz üçün süd, aşpaz donuz üçün yemək, donuz çəkməçi üçün ip, çəkməçi dərzi üçün çəkmə, dərzi quyu üçün parça, quyu isə öz növbəsində boğazına qoz ilişmış zavallı xoruz üçün mənə bir az su verəcək.

 

Səmanın xoruza yazığı gəldi və çəmənliyə yağış yağdırdı. Çəmənlik toyuğun ot yığmasına icazə verdi və o, inəyin yanına qaçdı. İnək ətirli ot yeyib toyuğa süd verdi. Toyuq  südü götürüb aşpazın yanına qaçdı, aşpaz donuz üçün yemək qırıntıları verdi, donuz ip verdi, çəkməçi çəkmə verdi, yeni çəkmədən məmnun qalan dərzi isə toyuğa parça verdi. Toyuq parçanı quyuya verdi, quyu isə toyuğa bir az su verdi və toyuq suyu götürüb xoruzun yanına gəldi. Xoruz su içdi, qoz boğazından sürüşüb düşdü və sevincli xoruz bərkdən oxumağa başladı:

 

- Kukareku, kukareku! Yenə mahnılarımı oxuya bilərəm.

 

O gündən etibarən xoruz xəsis olmaqdan əl çəkdi və hər bir şeyi toyuqla bölüşdü.