Təbiət

Ananas

Vətəni Cənubi və Mərkəzi Amerika olan ananas  bromeliyakimilər fəsiləsinə aid olan çoxillik tropik bitki cinsidir. Bu bitki cinsi kariblilər tərəfindən Mezoamerikadan Karib adalarına gətirilib.


Xristofor Kolumb ilk dəfə 1493-cü ildə bu cinsin bitkilərini Qvadelupada görüb. Beləliklə, bitkini, portuqaliyalılar Braziliyadan Avropaya gətirib, daha sonra isə ispan və ingilislər tərəfindən Sakit okeanı ölkələrinə təqdim edilib. Ticarət məqsədi ilə Havay, Filippin, Cənub-Şərqi Asiya, Florida, Dominikan Respublikası və Kubada ananas plantasiyaları yaradılıb. 


Ananasın yaranması haqqında çox qəribə əfsanə mövcuddur. Hesab olunur ki, ananas-gözəl şaftalının və təsadüfən meşəyə düşmüş küknar qozasının sevgisinin məhsuludur. Bu o vaxtlar baş vermişdi ki, onda hər bir məhsul ruh və hissə malik idi. Bu iki bitki də bir-birini sevərək və başa düşərək ki, adi həyatda bir yerdə ola bilməzlər, allahlardan mərhəmət diləmişlər. Allahlar imtina etmiş, lakin sevənlər çox inadcıl idi- onlar ayrı-ayrılıqda yaşaya bilmirdilər. Onda allahlar mərhəmət göstərərək şaftalı dadı verən və möhkəm küknar qozasına malik bu qəribə məhsulu yaratdılar. Beləliklə ananas yaranmışdır. Məhz bundan sonra meyvə əbədi sevgi və məhsldarlıq simvoluna çevrilmişdir. O vaxtdan bəri bir çox Latın Amerikası ölkələrində, nikah mərasimi zamanı ananas şirəsi içirlər.

 

Bitkinin sərt yarpaqları əsasən tacdan yaranan böyük rozetlərdə böyüyür. Uzun mizraq şəkilli yarpaqlarının ucu və ya mişarşəkilli kənarları tikanlıdır.  Meyvənin qabığı bərk, ləti şirəli, sarımtıl-ağ, spesifik ətirlidir, B vitamini və karotinlə zəngindir. Çəkisi isə 0,9–10 kq (bəzən 15 kq-dək) olur.

 

Ananas C vitamini ilə zəngindir. Tərkibi minerallar və liflərlə boldur. Mütəxəsisslərin hesablamalarına görə, qurudulmuş meyvələr vitaminləri saxlayır. Ananas bol sulu meyvədir.