Xəbərlər

23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.

 

AZƏRTAC xəbər verir ki, hər il aprelin 23-də keçirilən müvafiq tədbirlərdə kitabların geniş əhatə dairəsi – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğu ictimaiyyətin diqqətinə bir daha çatdırılır.

 

UNESCO-nun baş direktoru Odre Azule Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə sosial təcrid şəraitində yaşamaq məcburiyyətində qalan insanlarda həyəcan hisslərini aradan qaldırmağa kitabların kömək etdiyi bildirilir. Vurğulanır ki, kitablar həm əyləndirmək, həm də öyrətmək kimi unikal xüsusiyyətə malikdir. Onlar bizə şəxsi təcrübəmiz çərçivəsindən kənara çıxan reallığı tədqiq etməyə və müxtəlif müəlliflərlə, ideyalarla və mədəniyyətlərlə tanış olmağa imkan yaradır. Kitablar insanlara onların şüurunun əlçatmaz dərinliklərindən xəbər verir. Biz kitabları oxuyarkən məkan və zaman xaricində sərbəst səyahətə çıxırıq.

 

Bu əlamətdar gündə, həmçinin insanlara həyata müxtəlif tərəflərdən baxmağa və başqa reallıqla təmasda olmağa imkan yaradan müəlliflərdən söz açılır. Onlar dünyaya, daha doğrusu digər dünyalara və kainatlara pəncərə açırlar. Məhz hər il aprelin 23-də - Uilyam Şekspirin, Migel Servantesin, İnka Qarsilaso de la Veqanın vəfatının ildönümü günündə əsərləri yüzilliklər ərzində insanları məftun edən müəlliflər xatırlanır. Bu gün, həmçinin fəaliyyəti kitablarla bağlı olan, ədəbi irsin populyarlaşmasına, yeni ideyalarla tanışlığa, əsərlərin yayılmasına kömək edən peşə sahibləri, o cümlədən redaktorlar, tərcüməçilər, naşirlər və kitab satanların əməyi hörmətlə qeyd olunur. Bu peşələri qoruyub saxlamaq, onların əhəmiyyətini təsdiqləmək COVID-19 pandemiyası dövründə xüsusən aktualdır.

 

Müraciətdə 2021-ci ildə Ümumdünya Kitab Paytaxtının Tbilisi şəhəri olduğu bildirilir.

 

Azərbaycanda Dünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir.